Məhəmməd Salahdan Sərt Açıqlama: “Liverpul Məni Göz Görə-Görə İtirir”

2 Dəq Oxuma Müddəti

Salahın sözləri Premyer Liqanı silkələdi

İngiltərə Premyer Liqasının 15-ci turunda “Liverpul”un “Lids Yunayted”lə 3:3 hesablı heç-heçəsi yalnız meydandakı nəticə ilə deyil, matç sonrası Məhəmməd Salahın dedikləri ilə də gündəmə düşüb. Qarşılaşmada ehtiyat oyunçular sırasında qalan misirli ulduz klub və baş məşqçi ilə bağlı diqqətçəkən, bir o qədər də sərt ifadələr işlədib.

“Bu kluba çox şey verdim, amma məni kənarda qoyurlar”

Salah açıqlamasında kəskin narazılığını belə ifadə edib:
“İnanmıram, böyük məyusluq içindəyəm. Bu klub üçün çox şey etmişəm və bunu hamı illərdir görüb. Ehtiyatda oturmağımın səbəbini bilmirəm. Elə bilirəm ki, klub məni avtobusun altına atıb. Arne Slotla münasibətim yaxşı idi, amma nədənsə birdən pozuldu. Sanki biri klubda məni istəmir. Yayda mənə çox söz verdilər, amma heç biri yerinə yetirilmədi.”

“Liverpul azarkeşlərinə vidam yaxınlaşır”

Ulduz futbolçu gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşadığını da gizlətməyib:
“Afrika Millətlər Kubokuna gedəcəyəm və azarkeşlərə vidamı edəcəyəm. Sonra nə olacağını bilmirəm. Futbolda heç nə dəqiq deyil. Durumu qəbul edə bilmirəm, bu klub üçün çox şey etmişəm.”

Baş məşqçi Arne Slotun cavabı

“Liverpul”un baş məşqçisi Arne Slot isə Salahın ehtiyatda saxlanılması ilə bağlı verdiyi qərarı belə izah edib:
“Salahı ehtiyatda qoymaq asan qərar deyil, o çox böyük oyunçudur. Amma mənim vəzifəm doğru heyəti seçməkdir. Öndə olduğumuz anlarda qola ehtiyac olmadığı üçün onu meydana daxil etməyi düşünmədim. Həm də tezliklə Afrika Millətlər Kubokuna gedəcək. Ondan əvvəl İnterlə oynayacağıq.”

Liverpoolda böhran siqnalları?

Salahın açıqlamaları klub daxilində münasibətlərin gərginləşdiyini göstərir. Böyük ehtimalla misirli ulduzun gələcək taleyi Afrika Millətlər Kubokundan sonra daha da aydınlaşacaq. Azarkeşlər isə bu gedişatın komandanı necə təsir edəcəyini maraqla izləyir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş