Altı gündür davam edən etirazlar
Mərakeşin paytaxtı Rabat da daxil olmaqla Kasablanka, Marrakeş və Əqədir şəhərlərində artıq altı gündür davam edən kütləvi etirazlar ölkənin siyasi gündəminə damğa vurub. Aksiyalara rəhbərlik edən “Z nəsli 212” hərəkatı sağlamlıq və təhsil sahələrində ciddi islahatlar, eləcə də hazırkı hökumətin istefasını tələb edir.
Rabatın Əqdal məhəlləsində toplaşan etirazçılar “Bizə stadion yox, xəstəxana lazımdır” və “Xalq sağlamlıq və təhsil istəyir” kimi şüarlar səsləndirib. Aksiyalarda iştirak edənlər dinc mövqelərini vurğulayıb.
Hökumət başçısına istefa çağırışları
Etirazçılar hökumət rəhbəri Aziz Axnnuşun istefasını tələb edərək, dövlətin əsas xidmət sahələrindəki boşluqlara diqqət çəkiblər. “Z nəsli 212” hərəkatı açıqlamasında yalnız dinc aksiyalar keçirəcəyini və zorakılığa qarşı olduğunu bəyan edib.
Üç nəfərin ölümü və toqquşmalar
Etirazlar cənub bölgəsində faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi 3 nəfərin jandarmiya tərəfindən öldürüldüyünü təsdiqləyib. Rəsmi açıqlamaya görə, onlar hərbi anbarı ələ keçirməyə cəhd ediblər. Nazirlik bəzi hallarda aksiyaların adi etirazdan çıxaraq “silahlı hücum və dövlət obyektlərinin zəbtinə” çevrildiyini bildirib.
Sələ şəhərində baş verən qarışıqlıqlarda polis maşınları və bank şöbəsi yandırılıb. Yerli sakinlər isə bunun etirazçılarla bağlı olmadığını, təxribatçı qrupların işi olduğunu vurğulayıb.
Hökumətin dialoq mesajı
Baş nazir Aziz Axnnuş ilk dəfə açıqlama verərək hadisələrdən təəssüf hissi keçirdiyini və hökumətin dialoqa hazır olduğunu bildirib. Sosial inteqrasiya üzrə dövlət katibi Əbdülcabbar Rəşidi isə gənclərin fəaliyyət göstərdiyi “Discord” platformasını nəzərdə tutaraq müzakirələrin “virtual aləmdən rəsmi institutlara keçirilməsinə” çağırıb.
Narazılığın səbəbləri
“Z nəsli 212” hərəkatı Əqədir şəhərində dövlət xəstəxanasında 8 hamilə qadının ölümündən sonra formalaşaraq ölkə üzrə yayıldı. Gənclər hakimiyyəti səhiyyə sahəsində məsuliyyətsizlikdə ittiham edirlər. Səhiyyə naziri Əmin Təhraui də bəzi bölgələrdə tibbi xidmətlərdə ciddi çatışmazlıqlar olduğunu etiraf edib.
Hökumət 2030-cu il Dünya Çempionatı və 2025 Afrika Millətlər Kubokuna hazırlıq çərçivəsində böyük sərmayə layihələri elan etsə də, əhalinin əsas sosial tələbləri qarşılanmamış qalır.
Həbslər və insan haqları təşkilatlarının mövqeyi
Hüquq müdafiəçiləri indiyədək 400-dən çox şəxsin saxlanıldığını, onlardan 134-nün məhkəmə qarşısına çıxarılacağını bildirir. “Z nəsli 212” hərəkatı bütün “vicdan məhbuslarının və dinc etiraz iştirakçılarının azad edilməsini” tələb edib.
Gələcək üçün suallar
Mərakeşdə davam edən etirazlar gənclərlə dövlət arasında etimad böhranını daha da dərinləşdirib. Analitiklər xəbərdarlıq edirlər ki, hökumət sosial tələblərə real cavab verməsə, narazılıqların daha geniş miqyas alması istisna deyil.