Sərhəd xəttində insident
Sionist Rejim Müdafiə Qüvvələri (IDF) Livanla sərhəddə yerləşən Yaron bölgəsində təxminən 20 işğalçının toplaşdığını və iki nəfərin sərhəd hasarını keçərək Livan ərazisinə daxil olduğunu açıqlayıb.
Məlumata görə, hadisə cənubi Livandakı Yaron qəsəbəsi yaxınlığında baş verib. Sionist rejim mediası bildirir ki, sərhədi keçən şəxslər Livan torpağında ağac əkib və işğalçılığın bərpası tələbi ilə şüarlar səsləndiriblər.
“Ağac əkirik – təhlükəsizlik yaradırıq” şüarı
Hadisədə iştirak edənlərin “Ori Tzafon” adlı işğalçı hərəkatına bağlı olduğu bildirilir. Onlar “Kök salırıq – təhlükəsizlik əkirik” yazılı plakatlar qaldırıblar.
Hərəkat nümayəndələri bu addımın cənubi Livanda yəhudi mövcudluğunu gücləndirmək məqsədi daşıdığını və bunun “tarixi düzəliş” olduğunu iddia ediblər. Eyni zamanda, Qalileya bölgəsinin təhlükəsizliyi ilə bağlı arqumentlər səsləndirilib.
UNIFIL-dən əvvəlki etiraz
Hadisə BMT-nin Livandakı Müvəqqəti Qüvvələri – UNIFIL tərəfindən bu ayın əvvəlində səsləndirilən etiraz fonunda baş verib.
UNIFIL sionist rejim ordusunun “Mavi xətt” yaxınlığında “zəhərsiz kimyəvi maddə” buraxılması ilə bağlı hava fəaliyyəti barədə məlumat verdiyini açıqlamış və bunu BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə zidd addım kimi qiymətləndirmişdi.
1701 saylı qətnamə və gərginlik
2006-cı ildə qəbul olunmuş 1701 saylı qətnamə Livan–Fələstin sərhədində atəşkəs rejimini və qarşılıqlı öhdəlikləri nəzərdə tutur. 27 noyabr 2024-cü ildə qüvvəyə minmiş “düşmənçilik hərəkətlərinin dayandırılması” razılaşmasına baxmayaraq, bölgədə mütəmadi insidentlər qeydə alınır.
Son hadisə sərhəd bölgəsində gərginliyin davam etdiyini və tərəflər arasında etimadın hələ də zəif olduğunu göstərir.
