Livan Hökumətindən Hizbullaha Qadağa

2 Dəq Oxuma Müddəti

Nazirlər Kabinetindən sərt qərar

Livanın Baş naziri Nəvvaf Salam Nazirlər Kabinetinin Bəabda sarayında keçirilən iclasından sonra bir sıra qərarların qəbul edildiyini açıqlayıb.

Onun sözlərinə görə, hökumət Hizbullahın üzərinə götürdüyü raket atışını rədd və pisləyib. Salam bildirib ki, müharibə və sülh qərarı yalnız Livan dövlətinə məxsusdur və ölkənin regional münaqişəyə cəlb olunması qəbuledilməzdir.

Hərbi fəaliyyətə dərhal qadağa

Qərara əsasən, Hizbullahın bütün hərbi və təhlükəsizlik fəaliyyətlərinə dərhal qadağa qoyulur. Təşkilatdan silahlarını Livan dövlətinə təhvil vermək və fəaliyyətini yalnız siyasi çərçivədə davam etdirmək tələb olunur.

Hökumət təhlükəsizlik qurumlarına Livan ərazisindən hər hansı raket və ya pilotsuz aparat buraxılışının qarşısını almaq və qanun pozucularını həbs etmək tapşırığı verib.

Orduya konkret tapşırıq

Nazirlər Kabineti ordu komandanlığına 16 fevral 2026-cı il tarixli plana uyğun olaraq Litani çayının şimalında silahların yalnız dövlət nəzarətində toplanması prosesini dərhal həyata keçirməyi tapşırıb.

Beynəlxalq çağırış

Hökumət atəşkəs razılaşmasının təminatçı dövlətlərindən İsrailin Livan ərazisinə hücumlarını tam dayandırması ilə bağlı qəti öhdəlik tələb edib. Eyni zamanda, danışıqların beynəlxalq vasitəçiliklə bərpasına hazır olduğunu bəyan edib.

Humanitar tədbirlər

Qərara əsasən, Xarici İşlər Nazirliyinə diplomatik təmasları gücləndirmək, Sosial İşlər Nazirliyinə isə köçkünlər üçün sığınacaq və zəruri ləvazimatların təmin edilməsi tapşırılıb.

Analitiklər hesab edirlər ki, bu qərar Livan daxilində siyasi və təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş