Litva–Belarus sərhədində gərginlik: keçidlər bağlandı
Litva hökuməti, Belarusla açıq olan son iki sərhəd məntəqəsini — Medininkay və Salçinininkay keçidlərini 30 noyabra qədər bağlamaq qərarı qəbul edib. Qərar Belarusdan meteoroloji şarlar vasitəsilə göndərilən qaçaq malların Litvanın hava məkanını pozması ilə əlaqədar verilib.
Litvanın LRT dövlət radio və televiziyasının məlumatına görə, bu addım təhlükəsizlik məqsədi daşıyır və sərhədin bağlanması müddəti zərurət yarandıqda uzadıla bilər.
Keçidlər yalnız məhdud hallarda açıq olacaq
Litva Daxili İşlər naziri Vladislav Kondratoviç hökumət iclasında bildirib ki, bəzi hallarda Medininkay sərhəd keçid məntəqəsində məhdud sayda keçidlərə icazə veriləcək:
“Bu qapı yalnız diplomatlar, Rusiyanın Kalininqrad bölgəsinə tranzit keçid edənlər, Litvanyaya qayıdan vətəndaşlar, Avropa İttifaqı və NATO ölkələri vətəndaşları və onların ailə üzvləri, eləcə də Litvada yaşayış icazəsi olan şəxslər üçün açıq olacaq.”
Nazir əlavə edib ki, humanitar hallarda da keçidlərə icazə veriləcək, lakin bu qərar Belarus hökumətinə açıq mesaj kimi qiymətləndirilməlidir:
“Bu, dostyana münasibət göstərməyən və problemi həll etmək üçün heç bir addım atmayan qonşumuza verilən aydın siqnaldır.”
Artıq digər keçidlər bağlanmışdı
Litva ilə Belarus arasındakı digər sərhəd məntəqələri 2022 və 2023-cü illərdə təhlükəsizlik səbəbi ilə bağlanmışdı. Medininkay və Salçinininkay isə iki ölkə arasında fəaliyyət göstərən son iki keçid məntəqəsi idi.
Bundan sonra Belarusdan Litvaya və ya əks istiqamətdə səyahət etmək istəyənlər Latviya və ya Polşa üzərindən keçməli olacaqlar.
Meteoroloji şarlarla qaçaq siqaretlər daşınır
Vilnüs hava limanı son aylarda bir neçə dəfə Belarusdan göndərilən meteoroloji şarların hava məkanını pozması səbəbindən uçuşlara bağlanmışdı. 5, 21, 24, 25 və 26 oktyabr tarixlərində hava limanında uçuşlar saatlarla dayandırılmışdı.
Litva tərəfi bildirib ki, həmin şarlar vasitəsilə qaçaq siqaretlər və digər mallar daşınır. Bu səbəbdən Litva hər dəfə sərhədləri müvəqqəti bağlamaq və hava məkanını qorumaq məcburiyyətində qalıb.
“Sərhədin tam bağlanması mümkündür”
Litva Baş naziri İnqa Ruqinene bildirib ki, hökumət Belarusla sərhədi müddətsiz bağlamaq və hava məkanına daxil olan şarları dərhal məhv etmək planını nəzərdən keçirir:
“Ölkəmizin təhlükəsizliyini təmin etmək üçün sərt və qəti addımlar atmağa hazırıq.”
Ekspertlər hesab edirlər ki, bu qərar həm siyasi təzyiq vasitəsi, həm də qaçaqmalçılıqla mübarizə tədbiri kimi qiymətləndirilə bilər.
