Lavrov: Kiyev Putinin İqamətgahına Hücum Edib, Moskva Cavab Verəcək

2 Dəq Oxuma Müddəti

Putinin iqamətgahına pilotsuz hücum iddiası

Rusiya xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü verdiyi açıqlamada bildirib ki, 28–29 dekabr gecəsi Kiyev tərəfindən “terror xarakterli pilotsuz uçuş aparatları hücumu” həyata keçirilib. Onun sözlərinə görə, hücum Rusiya prezidenti Vladimir Putinin iqamətgahını hədəf alıb və hadisə Novqorod vilayəti ərazisində baş verib.

Lavrov qeyd edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri hücumda iştirak edən bütün pilotsuz aparatları vaxtında aşkar edərək məhv edib. Rəsmi Moskva hücum nəticəsində itkilərin olmadığını bildirir.

Moskvanın cavab mesajı

Rusiya XİN rəhbəri vurğulayıb ki, bu cür addımlar cavabsız qalmayacaq. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri artıq cavab zərbələrinin hədəflərini, vaxtını və formasını müəyyənləşdirib.

“Danışıqlar mövqeyi yenidən baxılacaq”

Lavrov əlavə edib ki, Kiyevin bu cür addımları Rusiyanın danışıqlar prosesinə yanaşmasına da təsirsiz ötüşməyəcək. O bildirib: “Kiyev rejiminin dövlət terroru siyasətinə tam keçməsi fonunda Moskvanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək”. Bununla belə, nazir Rusiyanın ABŞ-la aparılan məsləhətləşmələrdən tamamilə imtina etməyi planlaşdırmadığını da qeyd edib.

Tramp–Putin telefon danışığı

Hadisədən sonra Rusiya prezidentinin köməkçisinin açıqlamasına görə, prezident Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Məlumata əsasən, tərəflər dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Putin sözügedən danışıq zamanı Kiyevin həyata keçirdiyi hücumun cavabsız qalmayacağını vurğulayıb. Donald Tramp isə Rusiya prezidentinin iqamətgahına edilən hücumdan “şok və qəzəb” hissi keçirdiyini ifadə edib.

Zelenskinin mövqeyi

Ukrayna prezidenti Volodimir Zelenski isə Moskvanın ittihamlarını rədd edib. O, Kiyevin Rusiya prezidentinin iqamətgahına hücum həyata keçirdiyi ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Ukrayna müharibəsində son mərhələ iddiası

Xatırladaq ki, bazar günü Donald Tramp Vladimir Putinlə “yaxşı və məhsuldar” telefon danışığı apardığını açıqlamışdı. Tramp həmçinin bildirib ki, həm Rusiya, həm də Ukrayna liderləri razılaşmaya maraqlıdır və o, Zelenski ilə görüşdən sonra Putinlə yenidən əlaqə saxlayacaq.

ABŞ prezidenti Zelenski ilə görüşü zamanı Ukraynadakı müharibənin sona çatdırılması istiqamətində aparılan danışıqların “son mərhələyə” daxil olduğunu da bəyan edib. Mövcud vəziyyət isə regionda gərginliyin azalmaqdansa daha da dərinləşdiyini göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş