Laricanidən İslam ölkələrinə sərt xəbərdarlıq
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İslam dövlətlərinə ciddi xəbərdarlıq ünvanlayıb. O, İslam Zirvə Təşkilatının və digər oxşar toplantıların yalnız bəyanatlarla yekunlaşmasının, əslində, İsrail rejiminin yeni hücumlarına yaşıl işıq yandırmaq anlamına gəldiyini bildirib.
Laricani “X” sosial şəbəkəsində paylaşdığı mesajda qeyd edib:
“Xəbərdarlıq edirəm! Nəticəsiz İslam zirvələri, BMT Təhlükəsizlik Şurasının bəyanatları kimi, yalnız İsrail rejiminin yeni təcavüz sifarişidir. Ən azı bu rejimin çılğın siyasətlərinə qarşı ‘Birgə Əməliyyat Qərargahı’ yaradılmalıdır.”
“Əməli qərarlar İsraili və havadarlarını qorxuya salacaq”
Laricani bildirib ki, belə bir qərarın qəbul edilməsi, İsrailin havadarlarını təşvişə salacaq və onları təcavüzkar siyasətlərini dəyişməyə məcbur edəcək:
“Belə addım həmin rejimin sahiblərini narahat edəcək, hətta qlobal sülh və Nobel mükafatı naminə əmrlərini dəyişməyə məcbur ola bilərlər.”
“Fələstin üçün addım atmadınız, heç olmasa özünüzü qoruyun”
İranlı rəsminin sözlərinə görə, indiyə qədər ac və məzlum fələstinlilərin müdafiəsi üçün real addımlar atılmayıb. O, İslam ölkələrinə müraciət edərək vurğulayıb:
“Ən azından öz məhv edilmənizin qarşısını almaq üçün konkret qərar qəbul edin.”
Doha görüşünə hazırlıq
Xatırladaq ki, bu həftə bazar və bazar ertəsi günləri Qətərin paytaxtı Dohada ərəb və İslam ölkələrinin liderləri İsrailin son təcavüzlərini müzakirə etmək üçün toplaşacaq.
İrandan toplantıda Prezident Məsud Pezeşkiyanın iştirak edəcəyi açıqlanıb.