“Düşmənlərin məqsədi İranın iradəsini sındırmaqdır”
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu gün verdiyi açıqlamada bildirib ki, ölkəyə qarşı yönəlmiş xarici təzyiqlərin əsas məqsədi İran xalqının iradəsini qırmaq və onu itaətə məcbur etməkdir.
Laricani vurğulayıb ki, Tehran bu təzyiqlərə milli müqavimət ruhu ilə cavab verəcək:
“Düşmənlər bu gün bizdən nüvə sənayesindən imtina etməyimizi istəyirlər, amma sabah raket proqramımızı məhdudlaşdırmaq və bölgədə öz diktələrini qəbul etdirmək üçün təzyiqlərini artıracaqlar.”
O, qeyd edib ki, bu tələblərin sonu yoxdur və İran yalnız milli birliyə əsaslanan müqavimət vasitəsilə bu basqılara qarşı dura bilər.
“İran danışıqlardan qaçmır, amma reallıq tələb edir”
Laricani bildirib ki, Tehran heç vaxt danışıqlardan imtina etməyib, lakin yalnız real və qarşılıqlı hörmətə əsaslanan danışıqları qəbul edə bilər:
“Bəzi tərəflər bizdən nəticəsi əvvəlcədən müəyyən edilmiş danışıqlara razılıq gözləyirlər. Amma biz belə bir oyunun iştirakçısı olmayacağıq.”
O, əlavə edib ki, İranın “əsl ağıllılığı” güzəştə getməkdə deyil, milli müqavimət və siyasi sabitliyi qorumaqdadir. Laricaninin sözlərinə görə, ölkənin siyasi və iqtisadi müstəqilliyi “toxunulmaz qırmızı xətdir”.
“Toms Brak Livanda diktə etməyə çalışdı”
Laricani çıxışı zamanı Livan məsələsinə də toxunub. O, ABŞ-ın region üzrə nümayəndəsi Toms Brakın Livanda siyasi proseslərə müdaxilə etmək istədiyini, lakin uğursuz olduğunu bildirib:
“O, Livanda öz şərtlərini diktə etməyə çalışdı, lakin sonda anladı ki, Livan xalqı asılı qərarların icraçısı ola bilməz.”
“Müqavimət yeganə yoldur”
Laricani çıxışını belə tamamlayıb:
“İran xalqı elmi inkişaf və milli tərəqqi yolunda qətiyyətlidir. Qarşıdakı mərhələ göstərəcək ki, yalnız şüurlu müqavimət imperializmə və siyasi şantaja qarşı dayanıqlı cavab ola bilər.”
Eyni mövqeni İran Xarici İşlər Nazirliyinin siyasi işlər üzrə müavini Məcid Təxt Rəvənçi də səsləndirib. O, dünən bəyan edib ki, “nəticəsi əvvəlcədən müəyyən edilmiş danışıqlara” getməyin mənası yoxdur və ABŞ hazırda ciddi diplomatik iradə nümayiş etdirmir.
