Lapiddən Vaşinqtona Çağırış: Qətər “Düşmən” Elan Edilsin

1 Dəq Oxuma Müddəti

ABŞ-yə açıq çağırış

Sionist rejim müxalifətinin lideri Yair Lapid Vaşinqtonu Qətəri “düşmən dövlət” kimi tanımağa çağırıb. O, Qətəri ABŞ universitetlərində İsrailə qarşı fəaliyyətləri maliyyələşdirməkdə ittiham edib.

Lapid bu bəyanatı ABŞ-nin iri yəhudi təşkilatlarının rəhbərlərinin iştirak etdiyi Konfransda səsləndirib. O bildirib ki, İsraildə Qətərin “düşmən dövlət” kimi tanınmasını nəzərdə tutan qanun layihəsi təklif edib və ABŞ Konqresini də analoji addım atmağa çağırıb.

Universitetlər və maliyyə ittihamları

Lapid iddia edib ki, ABŞ universitetlərində müşahidə olunan antisemitizm və radikal meyillər Qətər maliyyəsi ilə bağlıdır. Onun sözlərinə görə, bu vəsaitlər İsrailə qarşı mövqelərin güclənməsinə xidmət edir.

O, eyni zamanda, Qətərin İsrailin baş naziri Benyamin Netanyahunun yaxın ətrafı ilə əlaqələrinə dair yayılan “Qətərqeyt” qalmaqalına da işarə edib. Həmin iş üzrə baş nazirin köməkçilərinin Qətərə yaxın şirkət üçün fəaliyyət göstərdiyi iddiaları araşdırılır.

Sərt ifadələr

Lapid çıxışının sonunda Qətəri “ABŞ-nin, İsrailin, yəhudi xalqının və bütün dünyanın düşməni” adlandırıb. Onun bu sözləri regionda və beynəlxalq müstəvidə geniş müzakirələrə səbəb ola bilər.

Qeyd edək ki, Qətər uzun illərdir regionda vasitəçilik təşəbbüslərində iştirak edir və ABŞ ilə strateji əməkdaşlıq münasibətlərinə malikdir. Rəsmi Dohanın Lapidin açıqlamalarına münasibəti hələlik açıqlanmayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş