Havana: “ABŞ-la Venesuela məsələsində heç bir gizli əlaqə olmayıb”
Kuba hökuməti ABŞ-la Venesuelanın gələcəyi barədə “gizli danışıqlar” aparıldığı iddialarını qəti şəkildə rədd edib. Xarici işlər nazirinin müavini Jozefina Vidal Ferrero açıqlamasında bildirib ki, ölkəsi haqqında yayılan bu iddialar “xalqın və Venesuela hökumətinin birliyini sarsıtmağa yönəlmiş saxta və məqsədli təxribatlardır”.
Onun sözlərinə görə, Kuba ilə ABŞ rəsmiləri arasında Venesuelanın daxili məsələləri ilə bağlı heç bir təmas baş verməyib. Ferrero bu iddiaların “ictimai rəyi çaşdırmaq və Havana haqqında yanlış təsəvvür yaratmaq məqsədi güddüyünü” vurğulayıb.
“Karakasa dəstəyimiz sabit və dəyişməzdir”
Havana rəsmiləri bir daha bəyan ediblər ki, Kubanı Venesuelaya bağlayan siyasi və strateji həmrəylik dəyişməzdir və heç bir halda şübhə altına alına bilməz. Onlar bildiriblər ki, hazırkı regional çağırışlar fonunda Bolivar inqilabına qarşı yönəlmiş hər cəhd “uğursuzluğa məhkumdur”.
Bəyanatda həmçinin Kuba tarixən Latın Amerikası və Karib hövzəsində sülhün müdafiəsi və narkotiklərlə mübarizədə fəal rol oynadığı xatırladılıb. Havana vurğulayıb ki, ABŞ-ın müvafiq qurumları “Kuba ilə əməkdaşlığın səmərəliliyini yaxşı bilirlər”, ta ki, bu əməkdaşlıq ABŞ-ın hazırkı dövlət katibi Marko Rubio tərəfindən birtərəfli qaydada dayandırılana qədər.
“Reuters”in iddiaları və Havana–Vaşinqton xəttində gərginlik
“Reuters” agentliyi bir neçə gün əvvəl “məlumatlı mənbələrə” istinad edərək iddia etmişdi ki, “Kuba hökumətinin bəzi elementləri” ABŞ rəsmiləri ilə gizli təmasda olub və söhbətlər “Venesuelada siyasi keçid variantı”ndan gedib. İddiaya görə, həmin ssenaridə Prezident Nikolas Maduronun hakimiyyətdə qalmaması ehtimalı müzakirə olunub.
Kuba hökuməti isə bu məlumatları tamamilə əsassız adlandıraraq bildirib ki, məqsəd həm Havana, həm də Karakas ətrafında şübhə yaratmaq, eyni zamanda ABŞ-ın Venezuelaya qarşı “siyasi təzyiqlərini legitimləşdirmək”dir.
