Kreml ABŞ iddialarını təkzib etdi
Dmitri Peskov Rusiya və Çinin heç bir nüvə sınağı həyata keçirmədiyini açıqlayıb. O, ABŞ tərəfinin 2020-ci ilin iyun ayında Çində guya yeraltı nüvə sınaqlarının keçirildiyinə dair yeni məlumatlara sahib olması barədə iddialarını rədd edib.
Peskov bildirib ki, Vaşinqtonda nüvə sınaqlarının dayandırılması ilə bağlı sazişlərdən çıxmaq barədə bəyanatlar səsləndirilir və bu moratoriumun Rusiya və Çin tərəfindən pozulduğu iddia olunur. “Bu, həqiqətə uyğun deyil. Nə Çin, nə də Rusiya razılaşmanı pozmayıb”, – deyə o vurğulayıb.
Moskva rəsmisi əlavə edib ki, Pekin də ABŞ-ın ittihamlarını qəti şəkildə inkar edib.
ABŞ-dan “bərabərlik əsasında” siqnal
ABŞ Dövlət Departamentinin silahlara nəzarət və yayılmama məsələləri üzrə müşaviri Kristofer Yu bir gün əvvəl bildirib ki, Vaşinqton Rusiya və Çinlə “bərabərlik əsasında” nüvə sınaqlarına qayıda bilər.
Onun sözlərinə görə, Donald Tramp administrasiyası belə bir addımı nəzərdən keçirir və ABŞ bu istiqamətdə qərar qəbul edə bilər.
Moskva Vaşinqtonla əməkdaşlığa açıqdır
Peskov eyni zamanda Rusiyanın ABŞ ilə ticarət-iqtisadi və investisiya əməkdaşlığını bərpa etməkdə maraqlı olduğunu bildirib. O, “The Economist” jurnalında dərc olunan məqaləyə münasibət bildirərək qeyd edib ki, Moskva iqtisadi əlaqələrin yenidən qurulmasını faydalı hesab edir.
Nəşr yazıb ki, son altı ay ərzində ABŞ tərəfi Rusiyaya qarşı sanksiyaların ləğvi ehtimalını fəal şəkildə müzakirə edib. Peskovun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı fayda verə bilər.
Kuba məsələsi müzakirə olunmur
Kreml sözçüsü həmçinin Moskvanın Kuba məsələsini ABŞ ilə müzakirə etmədiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya ilə Kuba arasında ikitərəfli münasibətlər mövcuddur və bu əlaqələr Moskva üçün mühüm əhəmiyyət daşıyır.
Peskov təsdiqləyib ki, Kubadakı çətin vəziyyət Rusiya Prezidenti Vladimir Putin ilə Kuba xarici işlər nazirinin Moskvadakı görüşündə müzakirə olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın sonunda Kubaya neft tədarük edən ölkələrdən idxala rüsum tətbiq edilməsinə imkan verən sərəncam imzalayıb və Kuba ilə bağlı fövqəladə vəziyyət elan edib. Kuba hökuməti isə Vaşinqtonu ölkə iqtisadiyyatını boğmağa çalışmaqda ittiham edib.
