Kiyevdə Səfirliyə İskəndər Raketi Düşdü: Azərbaycan Rusiyaya Nota Verdi

2 Dəq Oxuma Müddəti

Azərbaycan Rusiyaya etiraz notasını təqdim etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kiyevdəki Azərbaycan səfirliyinin ərazisinə raket düşməsi ilə bağlı Rusiyaya rəsmi nota verib. Rusiya Federasiyasının Bakıldığı səfiri Mixail Yevdokimov XİN-ə çağırılaraq Bakının kəskin etirazı ona təqdim olunub.

Nazirliyin açıqlamasına görə, 14 noyabr gecə saat 01:00 radələrində Kiyevə qarşı həyata keçirilən raket və PUA hücumları zamanı səfirliyin yerləşdiyi əraziyə İskəndər tipli raket düşüb.

Səfirlik ərazisinə ciddi zərər dəyib

Partlayış nəticəsində səfirlik kompleksinin divarının bir hissəsi tamamilə uçub, inzibati binalar, xidmət avtomobilləri, konsulluq bölməsi və digər tikililər zərər görüb. Ərazidə böyük miqdarda dağıntı qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

XİN bildirib ki, diplomatik nümayəndəliklərə qarşı bu cür hücumlar beynəlxalq hüquq normalarına ziddir və bu, ilk belə hal deyil.

2022–2024-cü illərdə səfirlik və konsulluqlara bir neçə hücum

Açıqlamada xatırladılıb ki:

  • 10 mart 2022-ci ildə Xarkovdakı fəxri konsulluğun inzibati binası hava hücumu nəticəsində ciddi ziyan görmüşdü.

  • 2 yanvar 2024-cü ildə Rusiyanın “Kinjal” raketi səfirliyin inzibati binasından 35 metr aralıya düşmüş, 3 metr diametrli krater yaranmış və 8 metr dərinlikdə partlamamış sursat aşkarlanmışdı.

  • 28 avqustda səfirliyə 50 metr məsafəyə düşən bomba inzibati bina, konsulluq və səfir rezidansında zədə yaratmışdı.

  • Eyni zamanda 8 və 18 avqustda SOCAR-ın Odessa neft obyektlərinə edilən PUA hücumlarında xəsarət alanlar olmuş və infrastruktura ciddi ziyan dəymişdi.

Azərbaycan bu hücumların məqsədli olub-olmadığı ilə bağlı ciddi sualların yarandığını, əvvəl də Rusiyaya bununla bağlı notalar verildiyini bildirib.

Diplomatik koordinatlar Rusiyaya əvvəlcədən təqdim olunmuşdu

Azərbaycan qeyd edib ki, Ukraynadakı bütün diplomatik nümayəndəliklərin koordinatları 2022-ci ildə Rusiyaya rəsmi şəkildə ötürülüb və Rusiya Müdafiə Nazirliyi bu məlumatların nəzərə alınacağını bildirib.

Bu səbəbdən səfirlik və konsulluqların mütəmadi şəkildə zərbə altında qalması narahatlıq doğurur.

Bakıdan Moskvaya tələb: Araşdırma aparılsın

Görüş zamanı səfir Yevdokimova bildirilib ki, diplomatik nümayəndəliklərə qarşı bu cür hücumlar qəbuledilməzdir və Rusiya bu hadisə ilə bağlı dərhal araşdırma aparmalı, Bakıya ətraflı izahat verməlidir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş