Kiyev Trampın BMT-dəki Çıxışına İnanmadı: “Sözlərinin Dəyəri Yoxdur”

2 Dəq Oxuma Müddəti

Ukrayna Trampın mövqeyinə şübhə ilə baxır

Financial Times qəzetinin yazdığına görə, Ukrayna hakimiyyəti və ictimaiyyətinin böyük hissəsi ABŞ prezidenti Donald Trampın BMT-dəki çıxışından razı qalmayıb. Ukraynalılar Trampın sözlərinin arxasında nə hərbi, nə də iqtisadi dəstəyin görünmədiyini bildiriblər.

Tramp aylardır Ukraynanın Rusiyaya ərazi güzəşti etməsi fikrini müdafiə edirdi. Lakin BMT Baş Assambleyası çərçivəsində prezident Volodimir Zelenski ilə görüşündən sonra mövqeyini dəyişmiş kimi görünüb. O, sosial şəbəkələrdə “Kiyev döyüşmək və ərazi bütövlüyünü tam bərpa etmək imkanına malikdir” yazıb.

Bununla belə, ukraynalılar bu sözləri ciddi qəbul etməyib.

Ukraynalı siyasətçilərdən sərt reaksiya

Müxalif “Holos” Partiyasının deputatı Yaroslav Jeljznyak Trampın çıxışını şərh edərək deyib:
“Onun bu gün dediklərində nə yenilik var? Bunların bizə nə faydası var? Heç bir şey. Bundan sonra nə gözləyirik? Yenə heç nə.”

Trampın dəyişkən siyasəti

Xatırladaq ki, ötən ay Tramp Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. Həmin görüşdə Tramp atəşkəs ideyasını kənara qoyaraq, Ukraynanın ərazilərindən imtina etməsinin qaçılmaz olduğunu müdafiə etmişdi.

Siyasi analitik Volodimir Fesenko isə Trampın mövqelərinin daim dəyişdiyini vurğulayaraq xəbərdarlıq edib:
“Gəlin, tələsməyək. Tramp Trampdır. Onun siyasətdə və ritorikada dəfələrlə mövqe dəyişməsinin şahidi olmuşuq.”

Ukrayna cəbhəsində inamsızlıq

Tramp BMT-dəki çıxışında Rusiyanı “iqtisadi böhran içində olan kağız pələng” adlandırsa da, bu sözlər ukraynalı hərbçiləri inandıra bilməyib.

Cəbhədə xidmət edən və hərbi blog aparan leytenant Oleksandr yazıb:
“Xahiş edirəm, sadəcə Tramp Rusiyanın iqtisadiyyatı çökür deyə sevinməyək. O, çox söz deyib. Amma bu sözlərin heç bir dəyəri yoxdur.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş