Kamala Harris Yenidən Prezidentliyə Namizəd Ola Bilər

2 Dəq Oxuma Müddəti

Kamala Harris 2028 seçkilərinə qayıda bilər

ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris, gələcəkdə yenidən prezidentliyə namizəd ola biləcəyini açıqlayıb. BBC-yə verdiyi müsahibəsində Harris, siyasətdən uzaqlaşmaq niyyətində olmadığını və ictimai xidmətin onun həyatının ayrılmaz hissəsinə çevrildiyini deyib.

2024-cü il seçkilərində Respublikaçı Donald Trampa məğlub olan Harris, “Siyasətlə işim bitməyib. Bütün karyeram boyu xalqa xidmət etmişəm və bu, artıq mənim instinktimin bir parçasıdır” ifadələrini işlədib.

“Ağ Evdə ilk qadın prezident ola bilərəm”

Jurnalistin “Bir gün Ağ Evin ilk qadın prezidenti olacaqsınızmı?” sualına cavabında Harris təbəssümlə “Böyük ehtimalla” deyib. Bununla belə, o, hələlik rəsmi qərar vermədiyini, lakin müxtəlif formalarda ictimai xidmətini davam etdirmək istədiyini bildirib:
“Xalqa xidmət etməyin bir çox yolu var, amma gələcəkdə nə edəcəyimə hələ qərar verməmişəm.”

Anketlərə meydan oxudu

Müsahibəsində Harris, bəzi anketlərin onu “şanssız namizəd” kimi göstərməsi barədə fikirlərə də cavab verib. O, bu iddiaları rədd edərək, siyasi karyerasının əvvəllərində də oxşar şübhələrlə qarşılaşdığını, amma hər dəfə uğur qazandığını qeyd edib:
“Əgər anketlərə qulaq assaydım, ilk və ikinci seçkilərimdə iştirak etməzdim və bu gün burada olmazdım.”

Demokratlar üçün potensial lider

Siyasi müşahidəçilər Harris-in bu açıqlamasını 2028-ci il prezident seçkilərinə erkən siqnal kimi qiymətləndirir. Trampa qarşı 2024-cü ildə məğlub olsa da, Harris-in hələ də Demokrat Partiyasının gələcək liderləri arasında mühüm fiqur olduğu bildirilir.

Partiya daxilində bəzi dairələr onun qadın seçicilər və azlıqlar arasında güclü dəstəyə sahib olduğunu, bu səbəbdən gələcək kampaniyada önəmli rol oynaya biləcəyini düşünür.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş