Kəşfiyyat Monopoliyası Necə Sındı: İran İsrailə Necə Sızdı?

4 Dəq Oxuma Müddəti

İsrail təhlükəsizlik mifinin sarsılması

Son illərdə, xüsusilə 2025-ci ildə İsrail təhlükəsizlik qurumları ölkə daxilində İranın artan kəşfiyyat fəaliyyətlərindən ciddi narahatlıq keçirir. Qarşıdurma artıq yalnız hərbi və raket müstəvisində deyil, eyni zamanda rəqəmsal mühitdə, sosial şəbəkələr və onlayn platformalar vasitəsilə aparılır. Bu proses siyasətçiləri, hərbçiləri, mülki şəxsləri və hətta xarici işçiləri hədəfə alır.

Uzun illər İsrail mediasında təhlükəsizlik pozuntularının yalnız “ərəb mənbələrindən” qaynaqlandığı, yəhudi israillilərin isə sarsılmaz loyal olduğu təqdim edilirdi. Lakin son faktlar bu təsəvvürü alt-üst edib. Məlum olub ki, İran yəhudi israillilərdən ibarət şəbəkələr formalaşdırmağa nail olub. Bu şəxslər arasında ehtiyatda olan hərbçilər və əvvəllər mühüm vəzifələr tutmuş, kritik infrastruktura və qərarvermə mexanizmlərinə çıxışı olan şəxslər də var.

Qonin Seqev işi: dönüş nöqtəsi

Bu kontekstdə sabiq İsrail energetika naziri Qonin Seqevin işi həlledici mərhələ sayılır. 2018-ci ildə saxlanılan Seqev İran lehinə casusluqda ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, saxta şirkət vasitəsilə tora salınıb, gizli şəkildə Tehrana aparılıb və şifrəli rabitə üzrə təlim keçib. Bu hadisə ilk dəfə yüksək vəzifəli yəhudi israillinin İran xeyrinə casusluq etdiyini rəsmən təsdiqlədi.

Aşağı səviyyədən strateji hədəflərə

2021-ci ildə başqa bir hadisə baş verdi: İsrailin o zamankı müdafiə naziri Beni Qantsın evində çalışan təmizlik işçisi İranla əlaqəli şəxslərə ev daxilində çəkilmiş görüntülər ötürüb. Bu materiallar arasında nazirin şəxsi kompüterlərinə dair fotolar da olub.

Rəqəmlər təhlükənin miqyasını göstərir

İsrail təhlükəsizlik orqanlarının açıqlamalarına görə, 2025-ci ilin son aylarında İranla əlaqəli casusluq fəaliyyəti üzrə onlarla saxlanma həyata keçirilib. “Valla” saytının məlumatına əsasən, 30 ayrı iş üzrə 46 israilli İran üçün işləməkdə ittiham olunur. Bu fəaliyyət “pilləli cəlbetmə” üsulu ilə aparılır: əvvəlcə sadə fotoşəkillər, sonra daha riskli tapşırıqlar, hətta diversiya və sui-qəsd planlarına qədər.

Bu çərçivədə Baş Qərargah binasında (“Kiriya”) çalışan bir işçinin, sabiq baş nazir Nəftali Bennetin evinin ətrafını çəkdiyi və İranla əlaqəli qrupların Bennetin şəxsi hesablarını sındırdığı məlum olub. Həmçinin məşhur “8200” bölməsində xidmət edən ehtiyatda olan bir hərbçinin də saxlanılması diqqət çəkib.

Limanlar, hərbi bazalar və dərin sızma

İsrail ordusunun radiosu Rusiya vətəndaşı olan bir şəxsin Eylat, Hayfa və Aşdod limanlarında hərbi gəmiləri və sualtı qayıqları uzun müddət çəkdiyini, Ramat David aviabazasını görüntüləmək istəyərkən saxlanıldığını bildirib.

Bu təhlükənin ciddiliyini etiraf edən Beyt Yam bələdiyyə sədri 2025-ci ilin dekabrında yaydığı videomüraciətdə açıq şəkildə xəbərdarlıq edib: “İranlılar Beyt Yama çatıb. Bu zarafat deyil”.

“Toxunulmaz təhlükəsizlik” mifinin dağılması

Hərbi senzuranın bir çox detalı gizlətməsinə baxmayaraq, ictimaiyyətə sızan məlumatlar İsrail cəmiyyətində dərin psixoloji təsir yaradıb. “Təhlükəsizlik baxımından sarsılmaz cəmiyyət” anlayışı ciddi şəkildə zədələnib. Bəzi hərbi obyektlərin, o cümlədən 2024-cü ildə Livan müharibəsi zamanı vurulan “Qolani” bazasının əvvəlcədən israilli yəhudilərdən ibarət casus şəbəkəsi tərəfindən çəkildiyi üzə çıxıb.

Kəşfiyyat müharibəsində yeni mərhələ

Beləliklə, İran–İsrail kəşfiyyat qarşıdurması artıq gizli və məhdud təsirli fəaliyyət deyil. Bu, açıq, çoxşaxəli və daxilə yönəlmiş bir mübarizəyə çevrilib. İranın yəhudi israilliləri, ehtiyatda olan əsgərləri və strateji obyektlərdə çalışan şəxsləri cəlb edə bilməsi uzun illər İsrail təhlükəsizlik təbliğatının əsas tezislərini sarsıdıb.

Nəticə etibarilə bu proses göstərir ki, İsrail keçilməz deyil və müasir müharibələrdə kəşfiyyat mübarizəsi davamlı, qarşılıqlı və dəyişkəndir. Bu mübarizədə “kəşfiyyat da müharibə kimidir – daim əl dəyişir”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş