Kərkükdə hərbi qərargah hədəfə alındı
İraqda Həşdüş-Şəbi qüvvələrinə məxsus hərbi obyektə hücum həyata keçirildiyi bildirilib. Məlumata görə, hücum Kərkük vilayətində yerləşən 40-cı briqadanın qərargahını hədəf alıb.
Hadisə barədə məlumatı bölgədə fəaliyyət göstərən jurnalistlər yayıb. Hücumun nəticələri və mümkün itkilər barədə rəsmi açıqlama hələ verilməyib.
Digər hərbi obyektlər də hədəfə alınıb
Məlumatlara görə, hücumlar yalnız Kərkük vilayəti ilə məhdudlaşmayıb. İraqın Səlahəddin vilayətində yerləşən bir neçə hərbi obyekt də zərbələrə məruz qalıb.
Bildirilir ki, Tikrit şəhərinin qərbində yerləşən “Speyker” bazasında raket bölməsinə hücum edilib. Bundan əlavə, Səlahəddin vilayətinin Həmra bölgəsində yerləşən hərbi obyektin də hədəfə alındığı qeyd olunur.
Bağdadda ABŞ bazasına hücum
Eyni zamanda Bağdad şəhərində yerləşən ABŞ hərbi bazasına da hücum edildiyi bildirilib. Məlumata görə, paytaxtda yerləşən “Victory” bazası hücuma məruz qalıb.
Hücumların arxasında kimin dayandığı ilə bağlı rəsmi məlumat verilməyib.
Əvvəlki hücumlarda çoxsaylı itkilər
Xatırladaq ki, bir gün əvvəl İraqın qərbində yerləşən Ənbar vilayətində Həşdüş-Şəbi qüvvələrinin mövqelərinə hava hücumları həyata keçirilmişdi.
Bu hücumlar Əkaşat və Qaim bölgələri arasında yerləşən mövqeləri hədəf almışdı və nəticədə 22 nəfərin həyatını itirdiyi bildirilmişdi.
Haşdüş-Şəbidən sərt açıqlama
Həşdüş-Şəbi qurumu hücumlarla bağlı açıqlama verərək həlak olanların qanının yerdə qalmayacağını bəyan edib.
Qurum bildirib ki, bu hücumlar onların fəaliyyətini dayandırmayacaq və təşkilat üzvləri İraqın təhlükəsizliyini qorumaq üçün fəaliyyətlərini davam etdirəcəklər.
Bəyanatda qeyd olunub ki, hədəfə alınan hərbi obyektlər ABŞ hərbi bazalarına qarşı hücumlarda iştirak etməyib və həmin mövqelərdə xidmət edən şəxslər rəsmi vəzifələrini yerinə yetirirdilər.
Həşdüş-Şəbi həmçinin ölkənin siyasi qüvvələrini təhlükəsizlik qurumlarına qarşı hücumlara qarşı qəti mövqe tutmağa çağırıb.
