“Biz o daşı o qədər yumşaq hala gətirdik ki, Həzrət Xəlil (ə) onun üstünə basanda ayaqları batdı və izləri qaldı.” – deyə buyurur Uca Allah.
Bəs, sirlərlə dolu bu müqəddəs məkanı bu qədər önəmli edən detallar nədir?
Fəxr-i Razi öz təfsirində əvvəlcə Kəbənin inşası olmaqla onun ətrafında təzahür edən bir çox xüsusiyyətlərə toxunmuşdur.
Zəmzəm Suyu
Zəmzəm suyunun şəfalı olması ilə yanaşı uzun müddət qalsa da digər suların əksinə xarab olmaması məlum bir həqiqətdir. Həmçinin bu su yatağı yağış və qar kimi təbiət hadisələrinin çox nadir görüldüyü bu quraq torpaqlarda min illərdir qaynayır. Yağışı çox az olan və qar yağışına şahid olanların sayı bir əl barmaqları qədər olan bir yerdə quruma nədir bilməyən bir su gözüdür Zəmzəm. Bu, əlbəttə Allahın “Bəyyinat” ayələrindən biridir.
Bu su olduqca bərəkətlidir, hətta Allah Rəsulu (s) ondan Məkkəyə gələnlərə hədiyyə edərdi. Zəmzəm suyunun şəfalı olması, xarab olmaması və qoxmaması da şübhəsiz ayrıca bir möcüzədir. Qısaca, bu suyun özü başlı başına Bəyyinat ayələrindəndir.
Məʿşəru’l-Həram (Müzdəlifə)
Məkkə ətrafında yerləşən Məʿşər, Ərəfat və Mina da Uca Allahın Bəyyinat ayələrindəndir. Əslində güclü yağışlardan sonra yaranan selin gətirdiyi böyük daş və qayaların bir-birinə çırpılaraq qırılıb xırdalanmasından əmələ gələn xırda daşların orada yağışsız və selsiz halda yığılması, orta hesabla hər Həccin yerdən təxminən yetmiş daş götürməsi və hələ də daşların tükənməməsi möcüzədən başqa bir şey deyil.
Yenə Fəxr-i Razi təfsirində belə deyir: “İllik təxminən altı yüz min həccacın (o dövrə aid) hər birinin yerdən yetmiş daş götürüb Şeytan daşlamaqda istifadə etdiyi o daşları remidən sonra görəsən kim yığır?! Bax bu torpaqların fəzilətidir ki, çox keçmədən daşlar öz-özünə bir yerə toplanır.” [1] Bəli, bu gün Səudiyyə işçilərinin o daşları yığdığını deyə bilərik, amma bəs o dövrlərdə?
Heyvanların Kəbənin Hörmətini Qoruması
Uçan quşların bir çox müqəddəs məkanlarda olduğu kimi Kəbənin üstünə də qonmaması və onu murdarlamaması diqqət edilməli başqa bir mövzudur. Yuxarıdan sürətlə Kəbəyə doğru gələn quşların bir anda müxtəlif istiqamətlərə yönəlməsi də Bəyyinat ayələrindəndir.
Həzrət Əmirəlmömininin mübarək hərəmində də bu kəramət açıq-aydın müşahidə edilə bilir. Orada da uçan quşlar ədəbə riayət edirlər.
Bundan başqa bu müqəddəs məkan haqqında belə də rəvayət olunur: yırtıcı heyvanlar Hərəm ətrafında heç vaxt bir-birinə hücum etməz və ev heyvanlarına da zərər verməzlər.
Bütün bunlar bir araya gələndə bu torpaqların adi bir məkan olmadığı və heyvanların belə əmin-amanlıq içində yaşadıqları görünür.
“O ki, onları yedirdi və aclıqdan qurtardı və onları qorxudan əminliyə qovuşdurdu.” [2]
“Görmürlərmi ki, ətraflarında insanlar bir-birlərini öldürüb durarkən biz Hərəmi əmin etdik.” [3]
İbrahim Məqamı
Allah-Təala belə buyurur:
“Biz Beyti (Kəbəni) insanlara savab qazanılacaq bir toplantı və əmin-amanlıq yeri etdik. Siz də İbrahimin məqamından bir namaz yeri edin. İbrahim və İsmailə: ‘Təvaf edənlər, ibadətə çəkilənlər, rüku və səcdə edənlər üçün Evimi təmizləyin!’ – deyə əmr etmişdik.” [4]
Belə olduqda qılınacaq namaz İbrahim məqamının arxasında olmalıdır, yoxsa məqamın özündəmi? Bu fiqhi məsələdə bir çox fərqli rəvayətlər nəql olunmuş və bəziləri ehtiyat olaraq məqamın arxasında dayanmağı istəmiş, bəziləri isə məqamın özündə olmağı kifayətli görmüşlər.
“Məqam-ı İbrahim” bəzilərinə görə Bəyyinə ayələrindəndir. Necə ki, İbrahim (ə) özü “Kane ummeten vahideten” olmuşdur, onun məqamı da ayat-i bəyyinədir. Yəni Həzrət İbrahimin ayaq izinin olduğu daşın yeri bəyyinadır və bir çox möcüzəyə şahidlik edir. Bu məqamın özü “ümmətun vahidə” dərəcəsində möcüzələr baxımından dəyərləndirilməlidir.
İndi necə olur ki, başlı-başına Məqam-ı İbrahimi Bəyyinat ayələri (cəm halda) kimi qiymətləndirək, halbuki o, “Ayətun bəyyinə” (tək halda)dir?
Birinci ehtimal budur: o sərt daş bir xəmir kimi yumşalmış və bu da bir ayə, bir möcüzə sayılmışdır. İkinci: yalnız müəyyən bir yer xəmir kimi yumşalmış, digər yerlər isə sərtliyini saxlamışdır. Üçüncü ehtimal: dərinliyinə qədər yumşalmış, sonra daş kimi bərkimişdir. Dördüncü ehtimal: bir çox düşmən bu əsəri məhv etmək istəmiş, amma bu günədək qorunmuşdur. Beşinci: bir çoxlarının istədiyi və ya etdiyi kimi müsəlman ölkələrindəki tarixi mirasları, maddi və mənəvi dəyərə malik əsərləri buradan alıb öz diyarlarına aparmaq arzusu – lakin bu məqam bütün bu təhlükələrdən amanda qalmışdır.
Bu gün də həmin mübarək məqam yerində durur və üzərində o həzrətə (ə) aid ayaq izləri mövcuddur. Pirinçdən hazırlanmış qoruyucu içində saxlanılan bu mübarək kədamgahın üzərində seçilmiş Ayətül-Kürsidəki bu cümlə yazılmışdır:
“Onları qorumaq (və gözətmək) Ona ağır gəlməz. وَلَا يَئُودُهُ حِفْظُهُمَا” [1]
İbrahim Məqamının Formalaşması
Acaba bu məqamın formalaşması o həzrətin Kəbəni inşa edərkən üstünə çıxıb-enməsi iləmi baş vermişdir? Yoxsa Həzrət İbrahimin bu mübarək diyara ikinci gəlişində İsmailin (ə) həyat yoldaşının “Düşün ki, sizin (ayaqlarınızı və ya başınızı) yuyum.” deməsi, İbrahimin (ə) isə minikdən düşməyib ayağını daşın üstünə qoyması iləmi? Və ya o daşın üstünə çıxıb xalqın Həcc etmələri üçün Kəbəyə gəlmələrini elan etdiyi zamandandırmı?
Bunların hamısı mümkündür. Amma qəti olan odur ki, Xəlilullah İbrahim (ə) ayağını o daşın üstünə qoymuş və daş da o ayağın şəklini almışdır. Bunlardan hansının doğru olduğunu isə rəvayətlər göstərir.
Buna bənzər bir hal da “Səba” surəsində Həzrət Davudun başına gəlmişdir: Həzrət Davud (ə) haqqında gördüyü işlərdən biri zireh hazırlamaq idi. Digəri isə “soyuq və sərt dəmiri onun əlində yumşaltdıq!” ayəsidir. Burada Quranda işlənən “alna” – yəni “biz onun üçün yumşaltdıq”. Bu isə sənətlə bağlı idi. Çünki zireh hazırlamaq xüsusi əl bacarığı, bilik və təcrübə tələb edirdi. Bu sənət başqalarına da öyrədilə bilərdi. Amma başqaları sərt dəmiri barmaqları ilə yumşalda bilməzlərdi.
İbrahim Məqamı da bu qəbildəndir, amma bir fərqlə: “Biz o daşı o qədər yumşaq etdik ki, Həzrət Xəlil (ə) onun üstünə basanda ayaqları batdı və izləri qaldı.” O ayaq izləri Davud (ə) üçün dəmirin möcüzəvi yumşaldılması kimi, Həzrət Xəlil (ə) üçün də bir rəmz oldu.
Bəs Məqam-ı İbrahim necə olur ki, başlı-başına Bəyyinat ayələri olur? Bunun iki ehtimalı var: birincisi – biz az öncə bəyan etdik, bunu Zəməxşəri də zikr edir. İkincisi – “Bəyyinat ayələri” bir çox nümunəyə malikdir, onlardan biri İbrahim Məqamıdır, digəri isə ayədə keçən “Ora girən əmin olar” cümləsidir.
Ayətullah Cavadi Amuli
[1] Bəqərə/255
[1] Təfsirul-Kəbir, C.8, S.145
[2] Qurayş/4
[3] Ənkəbut/67
[4] Bəqərə/125