Şəhərlərdə kütləvi etiraz aksiyaları
İsrailin Somalilandı müstəqil dövlət kimi tanıması Somalidə ciddi ictimai narazılıq yaradıb. Minlərlə somalili paytaxt Moqadişu başda olmaqla Baaydhabo, Hobyo və Quriceel şəhərlərində küçələrə çıxaraq qərara etiraz edib. Nümayişçilər Somali və Fələstin bayraqları dalğalandırıb, İsrailin addımını pisləyən şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları bu qərarın beynəlxalq hüquqa zidd olduğunu, regionda sabitliyi pozduğunu və Somalinin ərazi bütövlüyünə təhdid yaratdığını bildiriblər.
Rəsmi Moqadişudan sərt mövqe
Somalinin Milli Məsləhət Şurası, o cümlədən prezident Həsən Şeyx Mahmud, baş nazir Həmzə Abdi Barre, vilayət rəhbərləri və qubernatorlar İsrailin qərarını “qanunsuz akt” kimi qiymətləndirib. Rəsmi bəyanatda bildirilib ki, bu addım Qırmızı dənizdən Ədən körfəzinə qədər uzanan ərazidə sülh və sabitliyi sarsıdır.
Somali hakimiyyəti İsrailin bu qərarla separatizmi təşviq etdiyini və regionda yeni gərginlik ocağı yaratdığını vurğulayıb.
BMT Təhlükəsizlik Şurasında müzakirələr
BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda ABŞ istisna olmaqla bütün üzv dövlətlər İsrailin Somalilandla bağlı addımını tənqid edib. Bir çox ölkə bu qərarın Somalinin özünü və qonşu dövlətləri sabitlikdən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ tərəfi isə İsrailin qərarını açıq şəkildə pisləməkdən çəkinərək, Vaşinqtonun Somalilandla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib.
Somali səfirinin ciddi ittihamları
Somalinin BMT-dəki səfiri Əbu Bəkr Dahir Osman İsraili qəsdən parçalanmanı təşviq etməkdə ittiham edib. O, bu addımın fələstinlilərin zorla Somalinin şimal-qərbinə köçürülməsinə zəmin yarada biləcəyindən narahatlıq ifadə edib. Səfir bildirib ki, “qanuna və mənəviyyata hörmətsizlik dayandırılmalıdır”.
Regional və beynəlxalq reaksiyalar
Yəməndəki Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husi İsrailin qərarını pisləyərək Somalilandda istənilən İsrail mövcudluğunun müqavimət qüvvələri üçün hərbi təhdid sayılacağını açıqlayıb.
Afrika İttifaqı Somalinin birliyinə dəstəyini bir daha təsdiqləyib və Somalilandın tanınmasını rədd edib. Ərəb Dövlətləri Liqası isə İsrailin addımını beynəlxalq hüququn açıq pozuntusu adlandırıb. İslam Əməkdaşlıq Təşkilatı da bu qərarın təhlükəli presedent yaratdığını bəyan edib.
İran, Səudiyyə Ərəbistanı, Misir, Türkiyə, Cibuti, İraq, İordaniya, Pakistan və Çin də daxil olmaqla bir sıra ölkələr İsrailin qərarını rədd edərək Somalinin ərazi bütövlüyünə dəstək verdiklərini açıqlayıblar. Avropa İttifaqı da Somalinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etdiyini bildirib.
Somaliland məsələsinin tarixi fonu
Somaliland 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etsə də, beynəlxalq ictimaiyyət onu hələ də Somalinin ayrılmaz tərkib hissəsi kimi tanıyır. İsrailin son addımı isə bu mövqeyə zidd olaraq regionda yeni siyasi və təhlükəsizlik riskləri yaradıb.
