İsrailin Qəzzə zolağına qarşı həyata keçirdiyi hücumlar artıq ikinci ilini tamamlayır. 700 gündür iki milyondan çox fələstinli gündəlik bombardman, zorla köçürülmə, aclıq və susuzluq arasında həyat uğrunda mübarizə aparır. Dünya ictimaiyyətinin gözləri önündə müasir dövrün ən qanlı faciəsi yaşanır.
Dağıdılmış infrastruktur və hədəf alınan mülki əhali
İsrail ordusu Qəzzənin 88 faizini dağıdaraq, fələstinliləri zorla köçməyə məcbur edib. Köçkünlərin sığındığı bölgələr isə tez-tez yeni hücumlara məruz qalır. Rəsmi məlumatlara görə, indiyədək 38 xəstəxana, 833 məscid və 163 təhsil müəssisəsi tamamilə yerlə-yeksan edilib, minlərlə bina isə ağır zərər görüb.
Aclıq böhranı dərinləşir
Fələstin Səhiyyə Nazirliyi və Hökumət Media Ofisinin açıqlamasına əsasən, Qəzzədə bir milyondan çox uşaq ərzağa çıxış imkanından məhrumdur. Bir yaşdan kiçik 40 min körpə ağır qida çatışmazlığı ilə üzləşib. Regionda əhalinin minimum tələbatını ödəmək üçün gündə 7,5 milyon yeməyə və ən azı 600 yardım maşınına ehtiyac var.
BMT Dünya Ərzaq Proqramı da əhalinin üçdə birinin günlərlə yemək tapa bilmədiyini açıqlayıb. Qıtlıq səbəbindən bu günədək 135-i uşaq olmaqla 382 nəfər həyatını itirib.
Fələstinli jurnalistlərdən çağırış
Fələstinli jurnalist İslam Bədr bildirib ki, 700 gündür davam edən soyqırım İsrailin həqiqi simasını göstərib:
“Qəzzə beynəlxalq ictimaiyyətin riyakarlığını üzə çıxardı. Uşaqlar aclıqdan ölür, qan tökülür, lakin dünya susur. Amma Qəzzə ayaqda qalmaqda qərarlıdır.”
Minlərlə insan hələ də dağıntılar altında
Qəzzə Sivil Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal deyib:
“Biz 700 gündür ölürük. Minlərlə ailə hələ də dağıntılar altında qalıb, itkin düşənlərdən xəbər yoxdur. İnsanların ən böyük arzusu müharibənin bitməsi xəbərini almaqdır.”
Sağlamlıq sistemi iflic vəziyyətdədir
Ehli Baptist Xəstəxanasının həkimi İsam Əbu Acvə isə vəziyyəti belə ifadə edib:
“Sağlıq sistemi tamamilə çökmüş vəziyyətdədir. Yandırılan, dağıdılan hər şeyi bərpa etməliyik. Yanacaq, dərman və tibbi ləvazimatın daxil olmasına icazə verilməlidir.”
Qurbanların sayı artır
Fələstin Səhiyyə Nazirliyinin son açıqlamasına görə, İsrailin hücumları və tətbiq etdiyi aclıq siyasəti nəticəsində indiyədək 64 min 368 nəfər həlak olub, 162 min 367 nəfər isə yaralanıb. Ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.
Beynəlxalq məhkəmələrin atəşkəs çağırışlarına məhəl qoymayan İsrail, ABŞ-ın dəstəyi ilə hücumlarını davam etdirir. Qəzzədə isə hər gün yeni bir faciə baş verir.