“Sid Teyman” videosu qalmaqalı İsrail ordusunu sarsıtdı
Sionist rejimin sözçüsünün açıqlamasına görə, hərbi baş prokuror, general Yifat Tomer-Yeroşalmi bu gün səhər Baş Qərargah rəisi Eyəl Zamirə istefa ərizəsini təqdim edib. Qərar, fələstinli əsirin işgəncəyə məruz qaldığı “Sid Teyman” həbs düşərgəsində çəkilmiş videonun mediaya sızması ilə bağlı davam edən araşdırmalar fonunda verilib.
Zamir onun istefa ərizəsini dərhal qəbul edib. Bu hadisə son həftələrdə İsrailin hərbi və siyasi dairələrində sızmaların məsuliyyəti və hərbi ədliyyə sisteminin şəffaflığı mövzusunda ciddi mübahisələrə səbəb olub.
Yeroşalmi sızmanı etiraf etdi
İsrail ordusunun “Qal” radiosunun hərbi müxbiri Doron Kadoşun məlumatına görə, Tomer-Yeroşalmi dünən baş qərargaha verdiyi ifadədə məlumatların mediaya çıxmasına icazə verdiyini təsdiqləyib.
O, etiraf edib ki, “ordu daxilində hüquq-mühafizə orqanlarına qarşı yayılan yalan məlumatlara cavab vermək məqsədilə” bəzi materialların yayımlanmasına razılıq verib:
“Mən mediaya çıxan bütün materiallara görə tam məsuliyyət daşıyıram. Bu səbəbdən hərbi baş prokuror vəzifəmdən istefa vermək qərarına gəldim.”
İstefa istintaqdan bir gün əvvəl verilib
Yeroşalminin istefası, onun sabah polis və Mərkəzi İstintaq İdarəsi tərəfindən dindirilməsindən cəmi bir gün əvvəl baş verib.
İsrail mətbuatının məlumatına görə, bu qərar Müdafiə naziri İsrael Katsın birbaşa təzyiqi altında qəbul edilib. Kats bildirib ki, “yüksək vəzifəli hüquq rəsmisinin belə bir şübhə altında vəzifədə qalması mümkünsüzdür”.
“Sid Teyman sızmaları” nə idi?
Qalmaqal, İsrail mediasında yayılan və Negev səhrasındakı “Sid Teyman” həbs mərkəzində fələstinli əsirin İsrail əsgərləri tərəfindən döyülməsini göstərən videonun ortaya çıxması ilə başladı.
Video həm yerli, həm də beynəlxalq ictimaiyyətdə qəzəb və narahatlıq doğurdu. İsraildə bəzi insan haqları təşkilatları hadisəni “ordu daxilində sistematik zorakılığın göstəricisi” adlandırdı.
İlkin istintaq nəticələrinə əsasən, onlarla zabit və hüquqşünas videonun mövcudluğundan xəbərdar olub, lakin sızmanın mənbəyinin hərbi prokurorluq ofisi olduğu ehtimal edilir. Bir əməkdaşın “polioqraf” testində uğursuz nəticə verməsi bu versiyanı gücləndirib.
Hərbi sistemdə nadir hadisə
Tomer-Yeroşalmi 2021-ci ildə təyin olunmuşdu və onun istefası İsrail ordusu tarixində nadir hadisə sayılır. Bu, aktiv cinayət araşdırması zamanı bir qadın hərbi baş prokurorun vəzifədən kənarlaşdırıldığı ilk haldır.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu istefa İsrailin hərbi ədliyyə sistemində etimad böhranının dərinləşdiyini və Müdafiə Nazirliyi ilə Baş Qərargah arasında gərginliyin artdığını göstərir.
