İsrailin gizli “rəqəmsal müharibə planı” ifşa olundu
ABŞ-ın “The Grayzone” saytının yayımladığı sızan sənədlər İsrail hökumətinin amerikalı milyarderlərlə əməkdaşlıq quraraq Fələstin tərəfdarlarını hədəfə alan kampaniya təşkil etdiyini üzə çıxarıb.
Məlumata görə, İsrail ordusunun keçmiş baş qərargah rəisi Beni Qants ABŞ-ın ən varlı şəxslərindən – Devid Ellison və onun atası, “Oracle” şirkətinin təsisçisi Lerri Ellison da daxil olmaqla bir qrup milyarderdən ianə toplamağa çalışıb. Bu vəsait “rəqəmsal milislər” adlandırılan onlayn əməliyyat qruplarının maliyyələşdirilməsinə yönəlib.
“Daha çox silahlı dəstələr, az İsrail əsgəri”
Sənədlərdə Qantsın yaxın çevrəsindən bir şəxsin planı belə izah etdiyi sitat yer alır:
“Bu rəqəmsal meşədə daha çox silahlı dəstəyə, daha az İsrail əsgərinə ehtiyacımız var.”
Bu ifadə layihənin mahiyyətini — rəsmi hökumət strukturlarından kənarda fəaliyyət göstərən, onlayn hücumlar həyata keçirən yarı-müstəqil qrupların yaradılması – kimi göstərir.
Media və korporativ əlaqələr
Sənədlərə əsasən, Devid Ellison “Paramount” və “CBS News” şirkətlərinə nəzarəti ələ keçirdikdən sonra, özünü “sionist fanatik” kimi təqdim edən Bari Vaysı baş redaktor vəzifəsinə təyin edib.
Sızan e-poçt yazışmaları Ellisonun İsrail hökumətinin təşəbbüsü ilə ABŞ-da Fələstin hərəkatını izləmək və susdurmaq məqsədilə aparılan koordinasiyalı proqramda iştirak etdiyini göstərir.
“12 Qəbilə” adlı plan
Layihənin ilkin mərhələsində ona “12 qəbilə” adı verilib. Bu ad 12 yəhudi mənşəli milyarderdən ibarət qrupun maliyyə dəstəyi nəzərdə tutan sxemə işarə edir. Planın məqsədi İsrail kəşfiyyatının keçmiş əməkdaşlarının idarə etdiyi nəzarət şirkətlərinə ABŞ-dan maliyyə axınını təmin etmək olub.
Bu şirkətlər Fələstinə dəstək verən amerikalıları, o cümlədən BDS (boykot, sərmayələrin geri çəkilməsi və sanksiyalar) hərəkatının fəallarını izləmək, onlara qarşı dezinformasiya və təzyiq kampaniyaları aparmaqla məşğul olublar.
Sənədlərin mənşəyi
Bu e-poçtlar və sənədlər 2024-cü ildə “Handala” adlı haker qrupu tərəfindən sızdırılıb və ABŞ jurnalisti Cek Pulson tərəfindən ilk dəfə ifşa edilib. O, sənədləri araşdırdıqdan sonra bunun xarici dövlətin ABŞ vətəndaşlarına qarşı təsir əməliyyatı olduğunu bildirib.
Sənədlərdə Qantsın Qərb biznes elitasını Fələstin hərəkatına qarşı informasiya müharibəsinə cəlb etmək üçün xüsusi vəzifələndirildiyi göstərilir. Bu çərçivədə sabiq İsrail kəşfiyyatçıları tərəfindən idarə olunan bir sıra texnoloji şirkətlər ABŞ daxilində onlayn nəzarət və koordinasiya işləri aparıblar.
Beynəlxalq rezonans
“The Grayzone” hesabatı Qərb ictimaiyyətində ciddi rezonans doğurub. İnsan hüquqları təşkilatları və müstəqil jurnalistlər bu addımı siyasi fəaliyyət azadlığının pozulması və xarici dövlətin ABŞ-da vətəndaş cəmiyyətinə müdaxiləsi kimi qiymətləndirirlər.