Ramafosa: “Bu, beynəlxalq həmrəyliyə qarşı cinayətdir”
Cənubi Afrika Prezidenti Siril Ramafosa İsrailin Qəzzəyə humanitar yardım aparan “Əzm Donanması”nı saxlamasını “ciddi cinayət” adlandırıb. Onun sözlərinə görə, bu addım beynəlxalq ictimaiyyətin həmrəylik ruhuna, bölgədəki əzabların yüngülləşdirilməsi niyyətinə zərbədir.
Ramafosa İsrail hakimiyyətindən dərhal Cənubi Afrika vətəndaşlarını, o cümlədən mərhum lider Nelson Mandelanın nəvəsi Nkosi Zveliveli Mandelanı və digər iştirakçıları azad etməyi tələb edib.
İtaliya: 22 vətəndaşımız saxlanılıb
İtaliyanın xarici işlər naziri Antonio Tajani açıqlamasında bildirib ki, İsrail “Əzm Donanması”nda iştirak edən 22 italiyalını saxlayıb. Onun sözlərinə görə, saxlanılan vətəndaşlar yaxın günlərdə İtaliyaya qaytarılacaq.
Türkiyə və Küveyt vəziyyəti yaxından izləyir
Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin hücuma məruz qoyduğu gəmilərdə olan Türkiyə vətəndaşlarının taleyini diqqətlə izləyir və onların təhlükəsizliyi üçün lazımi addımlar atır.
Küveytin xarici işlər naziri Abdullah əl-Yəhya isə bildirib ki, hökumət bütün diplomatik vasitələrlə vətəndaşlarının azad edilməsinə çalışır və vəziyyəti daimi nəzarətdə saxlayır.
40 gəmi Əşdod limanına aparıldı
Məlumata görə, bu gün səhər saatlarında İsrail ordusu Qəzzəyə doğru hərəkət edən 13 qayığa hücum edib. Gəmilərdə xarici fəallar və humanitar yardım yükləri olub. Hücumdan sonra İsrail qüvvələri “Əzm Donanması”na məxsus 40-dan artıq gəmini Əşdod limanına aparıb.
Hadisə beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Bir çox ölkə İsrailin bu addımını beynəlxalq hüquqa zidd hesab edərək sərt şəkildə qınayıb.