Yeruşalmi evində huşunu itirmiş vəziyyətdə tapılıb
İsrail mediası bu gün səhər saatlarında ordunun keçmiş hərbi baş prokuroru, general Yifat Tomer Yeruşalminin dərman dozasını aşması səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib.
İctimai “KAN” kanalının məlumatına görə, təcili tibbi yardım briqadaları Yeruşalminin evinə çağırılıb və ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb. Onun vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməsə də, hadisənin “Sdey Teiman” qalmaqalı ilə bağlı istintaq çərçivəsində ev dustaqlığında olduğu dövrdə baş verdiyi təsdiqlənib.
Qalmaqalın kökləri: “Sdey Teiman” işi
Xatırladaq ki, Yifat Tomer Yeruşalmi ötən həftə məhkəmə qərarı ilə 10 gün müddətinə ev dustaqlığına buraxılmışdı. O, Qəzzadan gətirilən fələstinlilərin saxlandığı “Sdey Teiman” hərbi həbsxanasında işgəncə ilə bağlı gizli sənədlərin və səs yazılarının mətbuata sızdırılmasında şübhəli bilinir.
Məhkəmənin qərarına əsasən, o, yalnız müdafiə vəkilləri ilə əlaqə saxlamaq üçün evdən çıxa bilərdi və iş üzrə digər şübhəlilərlə 55 gün ərzində əlaqə saxlaması qadağan edilmişdi.
Dənizdə tapılan telefon istintaqı dərinləşdirdi
Hadisə ilə paralel olaraq, “KAN” kanalının məlumatına görə, ötən gün Tel-Əvivin “Tsuk” çimərliyində bir qadın üzərkən dənizin dibində mobil telefon tapıb. Telefonun ekranında Yeruşalminin bir gənc qadınla olan fotosu görünüb.
Cihaz polisə təhvil verildikdən sonra müəyyən olunub ki, bu telefon Yeruşalminin şəxsi mobilidir və onun keçən həftə müvəqqəti itkin düşdüyü bölgədə aşkar edilib. Bu fakt, istintaqın yeni istiqamətlərdə genişlənməsinə səbəb olub.
Siyasi və media təzyiqi artır
İsrail mediası qeyd edir ki, “Sdey Teiman” işi ölkədə böyük rezonans doğurub. Yifat Tomer Yeruşalmi İsrail ordusunun hüquq sistemində ən nüfuzlu fiqurlardan biri sayılır və müharibə dövründə hərbi prokurorluğa rəhbərlik edib.
Onun barəsində aparılan araşdırma təkcə məxfi məlumatların sızması məsələsi deyil, həm də ordu rəhbərliyinin daxili strukturlarında yaranan gərginliyi üzə çıxarıb.
Hazırda polis və hərbi istintaq orqanları həm Yeruşalminin səhhəti, həm də hadisənin arxasında potensial intihar cəhdi olub-olmaması istiqamətində araşdırma aparır.
