Məskunlaşanlar “ordu”dakı kadr çatışmazlığına necə reaksiya verdi?
İsraildə “ordu”nun kadr böhranı ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə artan narahatlığı bir daha üzə çıxarıb. Təkcə daimi xidmətlə bağlı istefa müraciətlərinin çoxalması deyil, həm də cəmiyyətin uzun illər üzərində qurulduğu yazılmamış sosial müqavilənin getdikcə daha çox zədələndiyi hiss olunur. Müzakirələrdə əsas fikir belədir: iki ildən çox davam edən, sonu görünməyən və nəticəsi bəlli olmayan bir müharibədə döyüşməyə məcbur edilən şəxslər, siyasi rəhbərliyinin onlara vəd etdiyi “qalibiyyət hekayəsi” ilə real vəziyyətin uyğun gəlmədiyini açıq şəkildə hiss edirlər.
Cəmiyyətdə geniş yayılan şərhlərdə “nə qəti qələbə var, nə siyasi həll, nə də bərpa layihəsi” kimi ifadələr ön plana çıxır. Bəzi şərhçilər hətta əvvəlcə vəd edilən “Qəzza Las Veqası” nağılı ilə istehza edərək, bunun gerçəkliklə heç bir əlaqəsinin olmadığını yazırlar. Bu isə ümumi duyğunu daha da gücləndirir: dərin mənasızlıq və çıxışsızlıq hissi.
Netanyahu hökumətinə yönələn kəskin ittihamlar
İctimai reaksiyanın böyük hissəsi kadr çatışmazlığını birbaşa Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin siyasətləri ilə əlaqələndirir. “İsraili dağıdan BiBi”, “Üçüncü məbədin sonunu gətirən hökumət”, “Dövlət layihəsinin öz-özünə məhvinə səbəb olan BiBi” kimi ifadələr sosial mediada geniş yayılıb. Burada əsas vurğu böhranın təkcə maaş, xidmət müddəti və ya təşkilati məsələlərlə bağlı olmadığına, əksinə, korrupsiya, daxili çəkişmələr və siyasi qrup maraqlarının dövlət maraqlarından üstün tutulduğu uzunmüddətli kursun nəticəsi kimi dəyərləndirilməsinə yönəlib.
Bu narazılıqların mühüm hissəsini də hökumətin ultraortodoks yəhudiləri – haridi icmasını – razı salmaq üçün irəli sürdüyü “xidmətdən yayınma qanunu” təşkil edir. Sənəd bütünlüklə bir icmaya hərbi xidmətdən azadolma imkanı verir və dünyəvi əhalinin uzun və ağır müharibənin əsas yükünü daşımasına səbəb olur. Bu da sosial ədalət mübahisələrini daha da qızışdırır.
“Ordunun” içində narazılıq: cavabsız suallar və davam edən istefalar
Reaksiyaların digər bir qolu birbaşa hərbi rəhbərliyə yönəlir. Tənqidçilər hesab edirlər ki, “ordu”nun komandanlığı 7 oktyabr – “Əqsa Tufanı” zamanı yaşanan ciddi uğursuzluqlara görə məsuliyyət daşımayıb, lakin buna baxmayaraq daha çox zabit və əsgər tələb etməkdə davam edir. Bu vəziyyət daxildə dərin narazılıq yaradır.
Eyni zamanda, illər boyu daimi xidmətin üstünlüklərinin sistemli şəkildə zəiflədilməsi, maaşların azaldılması və sosial təminatın məhdudlaşdırılması da bugünkü nəticələrin əsas səbəblərindən biri kimi göstərilir. Sosial media istifadəçilərinin birinin yazdığı kimi, bu proses “yeməyi addım-addım azaldılan və sonunda ölən at” hekayəsinə bənzədilir.
Problemi kiçiltməyə çalışanlar da var
Bununla yanaşı, bəzi səs sahibləri böhranın şişirdildiyini, bunun sol partiyalar və media tərəfindən həyata keçirilən “psixoloji təbliğat”ın bir hissəsi olduğunu iddia edir. Digərləri isə kadr çatışmazlığının uzun illərdir davam edən struktur problem olduğunu və hazırda yenilik olmadığını müdafiə edir.
Lakin bütün bu fərqli yanaşmalara baxmayaraq, dominant mənzərə aydındır: dərin böhran. Uzun sürən və nəticəsi görünməyən müharibə çərçivəsində “ordu”nun insan resursları sürətlə tükənir, hökumət isə geniş azadolma mexanizmləri ilə “xalq ordusu” modelinin əsaslarını sarsıtmaqda ittiham olunur. Cəmiyyət isə kəskin şəkildə parçalanmış vəziyyətdədir: bir tərəf istefaları dağılmadan əvvəlki son xəbərdarlıq kimi görür, digər tərəf isə dini inanc və millətçi ritorika ilə real böhranı pərdələməyə çalışır.
Sosial müqavilənin sarsılması
Mövcud tablo göstərir ki, “ordudakı” kadr çatışmazlığı təkcə təşkilati problem deyil. Bu, İsrail cəmiyyətinin onilliklərdir üzərində qurulduğu sosial müqavilənin özəyinə toxunan daha geniş və dərin çatların əlamətinə çevrilib. “Ordu” ilə cəmiyyət arasındakı əlaqədə yaranan bu inamsızlıq, gedişatın daha böyük siyasi və sosial nəticələr doğura biləcəyinə işarə edir.
