İsrail təhlükəsizlik qurumlarında narazılıq artır
İsrailin “Walla” saytı xəbər verir ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof ilə Həmas-ın Qəzza rəhbərlərindən Xəlil əl-Həyya arasında bu gün Ankarada keçirilməsi planlaşdırılan görüş İsrailin təhlükəsizlik strukturlarında kəskin narazılıq doğurub. Mənbələr bu görüşü Həmasın mövqeyinin beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirir.
Sözügedən görüş barədə ilk məlumatı dünən Fələstin müqaviməti üzrə ekspert Hani əd-Dəli “əl-Məyadin”ə açıqlamışdı. Ötən həftə “New York Times” da Vitkofun Həyya ilə görüşmək niyyətində olduğunu yazmış, lakin tarixi qeyd etməmişdi.
“Görüş Həmasın statusunu yüksəldəcək”
“Kiryat Qat”dakı əməliyyat mexanizminə yaxın mənbələr bildiriblər ki, görüş Həmasın beynəlxalq mövqeyinin güclənməsi anlamına gəlir və danışıqlar prosesində İsrailə çətinlik yaradacaq.
Eyni mənbələrə görə, Vitkof–Həyya görüşünün Qəzzada “sabahdan sonrakı mərhələ”yə aid məsələləri əhatə etməsi gözlənilir. Lakin İsrail tərəfi Həmasın “terror təşkilatı” kimi tanınmasına görə belə bir görüşün ciddi tənqidlərə səbəb olacağını iddia edir.
İsrail rəsmiləri bildiriblər ki, bu görüş danışıqlarda A mərhələsindən B mərhələsinə keçidi çətinləşdirəcək, xüsusilə də İsrailin B mərhələsinə keçid üçün aşağıdakılarda israr etdiyi şəraitdə:
-
əsir və şəhid meyitlərinin tam qaytarılması,
-
Qəzzanın silahsızlaşdırılması,
-
Həmas idarəçiliyinin sona çatması.
İsrail siyasi dairələrində də narahatlıq
İsrailin siyasi mənbələri Vitkofla Həmas arasında “yaxınlaşma görüntüsü”ndən narahat olduqlarını bildiriblər. Bu narahatlıq, görüşün ABŞ ilə Həmas arasında institusional əlaqələrin formalaşması kimi qəbul edilə biləcəyi ehtimalı ilə əlaqələndirilir.
Qeyd edək ki, bu görüş ilk belə təmas deyil. Vitkof və əl-Həyya ötən ilin oktyabrında Şarm əş-Şeyxdə atəşkəs imzalanmazdan bir neçə dəqiqə əvvəl də görüşmüşdülər. Həmin görüşdə ABŞ prezidentinin kürəkəni Cared Kuşner də iştirak etmişdi.
Vitkofun Həyyaya başsağlığı verdiyi açıqlanmışdı
Vitkof bir ay əvvəl yayımlanan “60 Minutes” proqramında bəyan etmişdi ki, sentyabr ayında Qətərdə Həmas rəhbərlərinin görüşdüyü komplekse İsrail hava qüvvələrinin endirdiyi zərbə nəticəsində oğlu şəhid olan Xəlil əl-Həyyaya başsağlığı verib.
Bu açıqlama İsraildə kəskin reaksiyaya səbəb olmuşdu.
