Kаts və Zamir arasında böhran dərinləşir
İsrail mediası bildirir ki, müdafiə naziri Yisrael Kаts “ordu” daxilində yüksək rütbəli vəzifələrə təyinatları 30 gün müddətinə dondurub. “Walla” saytının məlumatına görə, bu addım nazir ilə Baş Qərargah rəisi Eyal Zamir arasında artan gərginliyin fonunda atılıb. Qərar, general-leytenant Sami Torqemanın rəhbərlik etdiyi heyətin 7 oktyabr hadisələri ilə bağlı araşdırma hesabatının nəzərdən keçirilməsi üçün vaxt qazanmaq məqsədi daşıyır.
Kаts bildirib ki, Zamirin yayımladığı, 7 oktyabr 2023 hadisələrinə görə bir sıra zabit və komandirlərin məsuliyyət daşıdığını göstərən açıqlamadan sonra o, təhlükəsizlik qurumunun ombudsmanı, ehtiyat briqada generalı Yaair Fleniskini hesabatı yenidən dərindən araşdırmaqla vəzifələndirib. Nazir araşdırmaların bəzi sahələrə toxunmadığını və tamamlanmamış hissələrin mövcud olduğunu deyərək genişləndirilməsinin vacibliyini vurğulayıb.
Araşdırmalar genişləndirilir
Kаts həmçinin Müdafiə Nazirliyinin daxili nəzarət orqanına hökumət Əlaqələndiricisi Ofisinin məsuliyyətini də araşdırma dairəsinə daxil etmək tapşırığını verib. Nazir bu qərarın araşdırmaların şəffaflıq və tamlığını təmin etmək üçün atıldığını bildirib.
“Walla”nın məlumatına görə, Zamir Torqeman komitəsinin hesabatını Katsa əvvəlcədən xəbər vermədən təqdim edib və nazir hesabatın məzmunu ilə ilk dəfə media vasitəsilə tanış olub. Bu da iki rəhbər arasında münasibətləri daha da gərginləşdirib.
Kаts təhlükəsizlik qurumunun ombudsmanından şəxsi məsuliyyətlə bağlı yekun, vahid meyarlar müəyyən edən təklif hazırlamağı və bunu bir ay ərzində təqdim etməyi tələb edib.
Vaşinqton təyinatı böhranın bir hissəsi deyil?
Kаts əlavə edib ki, Vaşinqtona hərbi attaşe təyin edilməsi məsələsi baş verənlərlə əlaqəli deyil və hərbi təyinatların dondurulmasına əsas vermir. O, bununla Baş Qərargah rəisi Zamirin özünün hərbi katibi Qay Markezinonun ABŞ-da attaşe vəzifəsinə təyin olunmasına qarşı çıxmasını nəzərdə tutub.
Orduda kütləvi intizam tədbirləri
Bundan əvvəl, bazar günü, Baş Qərargah rəisi Eyal Zamir 7 oktyabr 2023 hücumunun qarşısının alınmasında yaranan ciddi boşluqlara görə bir neçə yüksək rütbəli zabitə qarşı intizam tədbirləri və vəzifədən azad etmələr tətbiq etmişdi. Bu addım İsrail ordusunda məsuliyyət və rəhbərlik böhranını daha da kəskinləşdirib.
