Müharibənin real maliyyə dəyəri açıqlanıb
İsrail mətbuatı 7 oktyabr 2023-cü ildən bəri davam edən müharibənin real maliyyə yükünü açıqlayıb. Hesabatlarda bu müharibə “İsrail tarixində ən uzun və ən bahalı müharibə” kimi xarakterizə olunur. Rəqəmlər isə dövlət qurumları arasında ciddi ziddiyyətlərin mövcud olduğunu ortaya qoyur.
Məlumatlara görə, işğalçı rejimin Maliyyə Nazirliyi müharibənin ümumi dəyərini 277 milyard şekel, yəni təxminən 71 milyard ABŞ dolları olaraq göstərir. Lakin İsrail Mərkəzi Bankı bu rəqəmin xeyli yüksək olduğunu bildirərək, müharibənin 352 milyard şekelə, yəni 110 milyard dollara başa gəldiyini açıqlayıb.
Nazirlik və Mərkəzi Bank arasında ciddi fərq
İsrail mediası diqqətə çatdırır ki, Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasındakı 75 milyard şekellik fərq təkbaşına 7 oktyabr 2023-dən əvvəlki dövrdə İsrailin illik “təhlükəsizlik” büdcəsindən daha böyükdür. Bu fərq dövlətin maliyyə planlamasında ciddi uyğunsuzluqların olduğunu göstərir.
Media qurumları vurğulayır ki, müharibənin yalnız cari xərcləri deyil, həm də dolayı və gələcək maliyyə nəticələri nəzərə alındıqda, ümumi yük təxminən 1 trilyon şekelə çata bilər. Bu məbləğə ABŞ-dan alınan hərbi və maliyyə yardımları da daxil edilir.
Xərclər gələcək nəsillərə ötürüləcək
Yaranmış vəziyyət fonunda İsrail mediası əsas sualı gündəmə gətirir: “Bu qədər böyük maliyyə yükü haradan qarşılanacaq?” Cavab isə olduqca narahatedicidir. Bildirilir ki, maliyyələşmə əsasən vergilərin artırılması, digər sahələr üzrə xərclərin azaldılması, dövlət borcu və büdcə kəsirinin böyüməsi hesabına təmin ediləcək. Bu isə müharibənin maliyyə yükünün birbaşa gələcək nəsillərin üzərinə ötürülməsi deməkdir.
Psixoloji böhran da dərinləşir
Müharibənin gələcək xərcləri sırasında psixoloji sağlamlıq sahəsində yaranacaq böhran da xüsusi qeyd olunur. İsrail mediasının məlumatına görə, hazırda təxminən 3 milyon israilli psixoloji tibbi yardıma ehtiyac duyur. Bu isə səhiyyə sisteminə əlavə ağır yük yaradacaq.
2026 büdcəsi tənqid olunur
Bu açıqlamalar sionist rejim hökumətinin 2026-cı il üçün təsdiqlədiyi büdcə fonunda gündəmə gəlib. Media bu büdcəni, xüsusilə “təhlükəsizlik” xərcləri baxımından formal və reallıqdan uzaq hesab edir. Bildirilir ki, rəsmi olaraq təhlükəsizlik büdcəsi 112 milyard şekel göstərilsə də, real xərclər bu çərçivəni xeyli aşacaq.
İşğalçı rejimin “təhlükəsizlik” nazirliyinin baş direktoru Amir Baram da bu ziddiyyətlərə toxunaraq bildirib ki, siyasi rəhbərliyin təhlükəsizlik qurumlarına həvalə etdiyi tapşırıqlar ayrılan maliyyə çərçivəsindən qat-qat çoxdur. Onun sözlərinə görə, Maliyyə Nazirliyi əvvəlcə büdcəni azaldır, daha sonra isə yaranan əlavə xərcləri “istisna” kimi təqdim edərək ordunu ittiham edir.
