Suriya–İsrail danışıqlarında son dəqiqə böhranı
Reuters-in əldə etdiyi məlumata görə, ABŞ vasitəçiliyi ilə Suriya və İsrail arasında aparılan təhlükəsizlik danışıqları Süveyda bölgəsinə humanitar dəhliz məsələsindəki fikir ayrılığı səbəbilə dalana dirənib.
Dörd müxtəlif mənbənin bildirdiyinə görə, İsrail tərəfi Süveydaya yardım məqsədilə quru dəhliz tələb edib. Suriya isə bunu ölkə suverenliyinin pozulması kimi dəyərləndirərək rədd edib.
Təxirə salınan razılaşma
Məlumata görə, tərəflər son həftələrdə əsas prinsiplər üzərində razılığa yaxınlaşmışdılar. ABŞ-ın Bakı, Paris və Londonda təşkil etdiyi görüşlərdə demilitarizasiya zonasının yaradılması müzakirə olunmuş, hətta BMT Baş Assambleyasının işinə qədər ilkin razılaşmanın elan ediləcəyi gözlənilirdi.
Lakin İsrailin dəhliz məsələsini yenidən gündəmə gətirməsi planların pozulmasına səbəb olub. ABŞ-dakı mənbələr bildirirlər ki, Vaşinqton indi “təhlükəsizlik sazişi” əvəzinə “gərginliyin azaldılması razılaşması” üzərində dayanmağa çalışır.
ABŞ-ın vasitəçilik rolu
ABŞ-ın xüsusi elçisi Tom Barak açıqlamasında bildirib ki, tərəflər “gərginliyi azaltmaq razılaşması”na çox yaxınlaşıb. Bu çərçivədə İsrail hücumlarını dayandırmalı, Suriya isə sərhəd yaxınlığında ağır texnika yerləşdirməməlidir.
Bunun daha sonra tam təhlükəsizlik razılaşmasına keçid üçün bir addım ola biləcəyi vurğulanıb.
Mübahisəli məsələlər
Suriya və İsrail arasında danışıqların digər mübahisəli mövzusu isə İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın hava məkanında sərbəst fəaliyyət göstərməsi ilə bağlıdır. İsrail mediası yazır ki, tərəflər digər əksər bəndlərdə razılığa gəlsələr də, bu məsələ açıq qalır.
Suriya keçid rəhbərliyi isə yaxın günlərdə ABŞ vasitəçiliyi ilə 1974-cü il sazişinə bənzər bir anlaşmanın imzalana biləcəyini istisna etmir.