İxracat böhranı dərinləşir
İsrail şirkətləri son həftələrdə ciddi iqtisadi itkilərlə üzləşib. Bir çox Avropa və ABŞ şirkətləri müqavilələri yeniləməkdən imtina edib, bəzi beynəlxalq ticarət şəbəkələri isə İsrail məhsullarının idxalını “növbəti xəbərdarlığa qədər” dayandırıb.
İsrail mediasının yazdığına görə, artıq “dost” sayılan bəzi ölkələr belə İsrail şirkətləri ilə keçirilən görüşlərin fotolarının yayımlanmamasını tələb edir. Bu, beynəlxalq aləmdə yaranan siyasi təzyiq və imic böhranının iqtisadi münasibətlərə ciddi təsir etdiyini göstərir.
Reytinq endirilməsi təhlükəsi
“Ynet” portalının məlumatına əsasən, beynəlxalq reytinq agentliyi “Mudi’s”-in nümayəndələri bu günlərdə Təl-Əvivi ziyarət edib və çox mənfi təəssüratlarla geri dönüb. Onların sözlərinə görə, reytinqin endirilməsi “bir neçə həftə içində qaçılmaz ola bilər”.
İsrailli iqtisadçılar isə xəbərdarlıq edirlər ki, artan hərbi xərclər büdcə idarəçiliyini iflic edə, dövlət borcunu və kəsiri rekord həddə çatdıra bilər.
Brend imicinə zərbə
İsrail Sənayeçilər Birliyinin rəhbəri Ron Tomer də vəziyyətin ciddiliyini təsdiqləyib:
“İsrailin brendi ciddi zərər görüb, iqtisadiyyat illərlə geri qayıda bilər.”
Onun sözlərinə görə, xarici tərəfdaşların çoxu İsrail şirkətləri ilə açıq əlaqədən çəkinir. Bu isə ölkənin ticarət sahəsində tam təcrid olunması təhlükəsini gücləndirir.
Müharibə əsas səbəb kimi
Sənayeçilər Birliyinin apardığı sorğuya əsasən:
-
Təxminən 50% ixracatçılar müqavilələrini itirib və ya onların müddəti uzadılmayıb.
-
71% şirkət qeyd edib ki, müqavilələrin pozulması Qəzzadakı müharibə ilə bağlı siyasi səbəblərdən qaynaqlanır.
-
Avropa İttifaqı bazarı ən çox müqavilə itkisinin yaşandığı bölgə olub – ixracatçıların 84%-i buradakı əməkdaşlıqlarının dayandırıldığını bildirib.
-
ABŞ-da da oxşar vəziyyət müşahidə olunur: ixracatçıların 31%-i müqavilə itirib.
-
Ümumilikdə, 76% şirkət ixracatda ciddi zərər görüb, bəzilərinin ümumi satış itkisi 40%-i keçib.
Beynəlxalq təcrid qorxusu
İsrailin iqtisadi təcridini dərinləşdirən əsas amillərdən biri Qəzzadakı müharibənin təsvirlərini əks etdirən kadrların dünyada geniş yayılmasıdır. İsrail məhsullarına qarşı artan boykot çağırışları da şirkətlərin fəaliyyətini çətinləşdirir.
Ekspertlərin fikrincə, Baş nazir Benyamin Netanyahunun ölkəni “qapalı rejimə çevirmə” barədə açıqlamaları da investorların etimadını sarsıdıb. Bu isə həm maliyyə bazarlarına, həm də real sektora mənfi təsir göstərir.