20 min yaralı, böyük reabilitasiya böhranı
İsrail Müdafiə Nazirliyinin Reabilitasiya Şöbəsi son iki ildə təxminən 20 min hərbçinin yaralandığını açıqlayıb. Nazirlik, müharibənin nəticəsində yaranan bu vəziyyətin “nəhəng çətinliklər” yaratdığını etiraf edib.
Məlumata görə, hazırda hər 750 yaralıya cəmi bir terapevt düşür. Halbuki müharibə başlayandan bəri təxminən 3 min yeni mütəxəssis işə cəlb edilib. Nazirlik bu nisbəti “qeyri-real və yolverilməz” kimi qiymətləndirib.
Psixoloji zədələr ön planda
Hesabata əsasən, yaralıların 55%-i müxtəlif psixoloji travmalardan, o cümlədən posttravmatik stress pozuntusundan əziyyət çəkir. Psixoloji zədə alan hərbçilərin yalnız 48%-i yenidən işə qayıda bilib. Bu göstərici bədən xəsarətləri alanlarda isə 67% təşkil edir.
Nazirlik əlavə edib ki, hazırda psixiatr qəbuluna düşmək üçün gözləmə müddəti 3–4 ayı əhatə edir. Bu vəziyyət isə reabilitasiya prosesini daha da çətinləşdirir.
Əlillərin sayı sürətlə artır
İsrail Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, orduda əlil statusu alanların sayı 2028-ci ilə qədər 100 min nəfərə çata bilər. Hazırda Reabilitasiya Şöbəsində müalicə alanların təxminən 70%-i rəsmi olaraq əlil kimi tanınıb, digərləri isə tibbi komissiyaların qərarını gözləyir.
İctimai etimad böhranı
Nazirlik, əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı tibbi komissiyalara etimadsızlığın artdığını da etiraf edib. Gözlənilir ki, bu məsələ yaxın illərdə İsrail cəmiyyətində daha ciddi narazılıqlara səbəb olacaq.