İsrail ordusu Suriyanın cənubunda yeni toqquşmalar yaradıb
İsrailin hərbi qüvvələri bu gün Suriyanın cənub bölgələrində yeni quru əməliyyatlarına başlayıb. Dəraa və Quneytrə vilayətlərində həyata keçirilən bu basqınlar Suriya ərazisinin suverenliyinə qarşı açıq şəkildə pozuntu kimi qiymətləndirilir.
Dəraa bölgəsində hərbi postlar quruldu
Məlumata görə, İsrail ordusu bu gün səhər saatlarında Dəraa vilayətinin qərbində yerləşən Hauran vadisinin bir hissəsi olan Məryə kəndinə daxil olub. Əsgərlər kəndin şərqində müvəqqəti hərbi post quraraq yoldan keçənləri saxlayıb və yoxlamadan keçirib. Eyni vaxtda İsrail qüvvələrinin digər bölmələri Koya və Abidin kəndləri istiqamətində də mövqe tutub.
Quneytrədə hərbi texnika yerləşdirildi
Hadisələrlə eyni vaxtda Quneytrənin şərqində yerləşən Səmədaniyyə kəndinə beş hərbi texnika ilə daxil olan İsrail əsgərləri burada da nəzarət postu qurub. Ətraf ərazilərdə İsrail ordusunun geniş yayılması müşahidə olunub. Eyni zamanda, bölgənin üzərində pilotsuz uçuş aparatlarının uçuşu qeydə alınıb.
İsrailin Suriyaya hücumları artır
Xüsusilə 2024-cü ilin dekabrında sabiq prezident Bəşər Əsədin devrilməsindən sonra İsrailin Suriyaya qarşı hücumları artıb. Son aylarda İsrail ordusu yalnız sərhəd kəndlərinə quru əməliyyatları keçirməklə kifayətlənmir, həm də tez-tez hava zərbələri endirir. Bu hücumların əsas məqsədinin Suriya ordusunun hərbi infrastrukturunu sıradan çıxarmaq olduğu bildirilir.
Yaxın günlərdə İsrail aviasiyası Dəməşqdə yerləşən Suriya Müdafiə Nazirliyinin binasını da hədəfə almışdı.
Gərginlik böyüyür
Beynəlxalq müşahidəçilər hesab edirlər ki, İsrailin Suriyanın cənubuna yönəlmiş bu əməliyyatları regionda gərginliyi daha da artırır. Bu addımlar həm Suriya daxilindəki sabitliyə, həm də qonşu ölkələrlə münasibətlərə ciddi təsir göstərə bilər.