İsrail Mediası: İranla Müharibə 10 Milyard Dollara Başa Gələ Bilər

3 Dəq Oxuma Müddəti

İsrail mətbuatından diqqətçəkən hesabat

İşğalçı rejim mediası İranla mümkün silahlı qarşıdurmanın maliyyə baxımından son dərəcə ağır nəticələrə gətirib çıxara biləcəyini yazıb. İsraildə yayımlanan Calcalist iqtisadi xəbər saytının məlumatına görə, İranla yeni müharibənin ümumi dəyəri təxminən 10 milyard dollar həddinə çata bilər.

Hesabatda qeyd olunur ki, İsrailin 13 iyun 2025-ci il tarixində İrana qarşı başladığı son hərbi əməliyyatlar ölkəyə 20 milyard şekel (təxminən 6,37 milyard dollar) maliyyə yükü yaradıb. Bu xərclər əsasən hərbi aviasiya, raketdən müdafiə sistemləri, ehtiyat qüvvələrin səfərbərliyi və infrastruktur ziyanı ilə bağlı olub.

Təhlükəsizlik qurumlarından xəbərdarlıq

Məqalədə İsrail təhlükəsizlik strukturlarında yüksək vəzifə tutan rəsmilərin mövqelərinə də yer verilib. Bildirilir ki, müharibənin müddəti və miqyası artdıqca yeni qarşıdurma dalğası on milyardlarla şekel xərc tələb edə bilər. Rəsmilər mümkün müharibənin dövlət büdcəsinə ciddi zərbə vuracağını vurğulayır.

“Ən ucuz ssenari müharibə başlamamasıdır”

İsrail Baş Qərargah rəisinin 2011–2014-cü illərdə iqtisadi məsələlər üzrə müşaviri olmuş Reem Aminoachun dəyərləndirməsinə görə, ən az xərc tələb edən variant İsrailin ümumiyyətlə hücum etməməsidir. Onun sözlərinə görə, bu ssenari belə xərclərdən tam azad olmaq demək deyil.

Aminoach bildirib ki, hücum olmasa belə, hava hücumundan müdafiə sistemlərinin işlədilməsi milyardlarla şekel tələb edir. Onun hesablamalarına əsasən, bu halda belə yalnız hərbi xərclər 7–10 milyard şekel (təxminən 2,23–3,18 milyard dollar) arasında dəyişə bilər.

Daha ağır ssenarilər: 30 milyard şekelə qədər

İsrail Baş Qərargahının 2014–2017-ci illərdəki keçmiş müşaviri Şaşon Haddad isə daha pessimist ssenariyə diqqət çəkib. O bildirib ki, ötən ilin iyun ayında İranla yaşanan toqquşmaya bənzər müharibə baş verərsə, xərclər 15–25 milyard şekel (təxminən 4,78–8 milyard dollar) aralığında ola bilər.

Calcalist yazır ki, bu rəqəmlər yalnız hərbi xərcləri əhatə edir. Mülki infrastrukturun zədələnməsi, iqtisadi fəaliyyətin dayanması və sosial itkilər nəzərə alındıqda ümumi məbləğ 30 milyard şekelə (təxminən 9,8 milyard dollar) qədər arta bilər.

Regional gərginlik fonunda açıqlamalar

ABŞ-ın İrana mümkün hücumu ilə bağlı gərgin müzakirələr davam edərkən İsrail rəsmiləri bütün ssenarilərə hazır olduqlarını bildiriblər. İranın ali rəhbəri Seyid Əli Xamenei isə bu gün açıqlamasında ABŞ-ın hücumu halında müharibənin regional xarakter alacağını deyib.

İsrailin baş naziri Binyamin Netanyahu da İranın mümkün hücumuna sərt cavab veriləcəyi ilə hədələyib.

“Gecə Yarısı Çəkici” əməliyyatı xatırladıldı

Xatırladaq ki, İsrail İranla ABŞ arasında nüvə danışıqları davam etdiyi vaxt – 13 iyun 2025-ci ildə İranın müxtəlif şəhərlərində nüvə və hərbi obyektlərə, həmçinin yaşayış məntəqələrinə hücumlar həyata keçirmişdi. Daha sonra ABŞ 22 iyun 2025-ci ildə Nətənz, Fordo və İsfahandakı nüvə obyektlərinə “Gecə Yarısı Çəkici” adlı əməliyyatla zərbələr endirmişdi.

ABŞ Prezidenti Donald Tramp bu hücumları “böyük uğur” adlandırsa da, mediaya sızan ilkin hesabatlarda İranın nüvə proqramının məhv edilmədiyi, sadəcə bir neçə ay geriyə atıldığı bildirilmişdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş