İsrail İrana Dair Hesablamalarda Yenidən Yanılırmı?

5 Dəq Oxuma Müddəti

İsraildə İrana dair ziddiyyətli baxışlar

İsraildə formalaşan əsas yanaşmalardan biri İran İslam Respublikasındakı siyasi sistemin zəiflədiyini iddia edir. Bu baxışa görə, son etiraz aksiyaları ilə birlikdə rejimin süqut prosesi artıq başlayıb. Bu mövqeni müdafiə edənlər hesab edirlər ki, rejim bu gün çökməsə belə, gec-tez qaçılmaz olaraq süquta uğrayacaq. Onlar Suriyada 2011-ci ildə başlayan etirazların illər sonra – 2026-cı ildə rejimin dağılması ilə nəticələndiyini misal gətirirlər.

Bu çevrələrə görə, etirazçılar cəsarət nümayiş etdirərək təhlükəsizlik qüvvələrinə qarşı silahlı müqavimət göstəriblər və hazırda xarici dəstəyə ehtiyac duyurlar. İsraildə belə düşünülür ki, İrana yönələcək hərbi zərbə etirazları yenidən alovlandıra və küçə hərəkatını gücləndirə bilər.

Vaşinqtona təqdim edilən ssenari

Bu yanaşmanı müdafiə edən İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trump administrasiyasını inandırmağa çalışırlar ki, ABŞ ordusu İsrailin ötən ilin iyununda apardığı “12 günlük müharibə”dəki kimi hava üstünlüyünü təmin edə bilər. Onların fikrincə, ABŞ İsrailin dəstəyi ilə İran hava məkanına nəzarəti ələ ala, İnqilab Keşikçiləri Korpusunun hərbi və iqtisadi mərkəzlərini, eləcə də “Bəsic” strukturlarını hədəfə ala bilər. Bu isə daxildə genişmiqyaslı üsyana yol aça bilər.

Alternativ baxış: rejim güclüdür

Digər yanaşma isə İsraildə daha ehtiyatlı mövqeyi təmsil edir. Bu baxışa görə, İran rejimi kifayət qədər möhkəmdir və hətta ali rəhbər səviyyəsində zərbə endirilsə belə, hərbi hücum onu devirməyə yetməz. Bu çevrələr hərbi zərbədən daha çox kompleks təzyiq mexanizmlərini təklif edirlər.

Buraya İran neft tankerlərinin Çinə yönəlməsinin qarşısının alınması üçün dəniz blokadası, raket və nüvə obyektlərinə məhdud zərbələr, həmçinin iqtisadi sanksiyaların sərtləşdirilməsi daxildir. Paralel olaraq, hakimiyyət daxilində parçalanma yaratmaq – ya İnqilab Keşikçilərinin rejimə qarşı çevrilişi, ya ordunun Keşikçilərə qarşı çıxması, ya da struktur daxilində parçalanma əsas hədəf kimi göstərilir.

Keçmiş səhvlərin kölgəsində

Bu yanaşmanı müdafiə edənlər də etiraf edirlər ki, bu ssenarilər böyük ölçüdə ehtimallara əsaslanır. Onlar İsrail hərbi kəşfiyyatı “Aman”ın keçmişdəki ciddi səhvlərini xatırladırlar. Həmin dövrdə Bəşər Əsədin bir neçə həftə ərzində devriləcəyi proqnozlaşdırılsa da, o, illərlə hakimiyyətdə qaldı. Əksinə, Hüsnü Mübarəkin möhkəm dayanacağı düşünülürdü, lakin o, qısa müddətdə hakimiyyətdən getdi.

İsrail nəyi gözləyir?

Müsbət diplomatik siqnallara və danışıqlar yolunun mövcudluğuna baxmayaraq, İsrail İrana qarşı mümkün hərbi zərbəni diqqətlə izləyir. Analitiklərin bir qismi ABŞ zərbəsinin qaçılmaz olduğunu, digərləri isə Trampın əsas məqsədinin rejimi devirmək ola biləcəyini düşünür.

İsrail Tramp administrasiyasını İranla danışıqların “tələ” olduğuna inandırmağa çalışır və Tehranın vaxt udmaqda ustalaşdığını iddia edir. Bu çərçivədə Trampın Qüds Qüvvələrinin komandanı şəhid Qasim Süleymanini şəhid etdikdən sonra dediyi məşhur fikir də tez-tez xatırladılır: “İran heç bir müharibədə qalib gəlməyib, amma bütün danışıqlarda qalib gəlir.”

Hərbi hazırlıq əlamətləri

Son günlərdə İsrailin atdığı addımlar da diqqət çəkir. Hayfa şəhərində İranın ağır raket zərbələrinin ssenarisini əks etdirən mülki müdafiə təlimləri keçirilib. İsrail Elektrik Şirkəti enerji stansiyalarına raket hücumlarını simulyasiya edən manevrlər təşkil edib. Bundan əlavə, İsrail və ABŞ donanmaları Eylat limanında birgə hərbi təlimlər icra ediblər.

Bəzi İsrail KİV-ləri ABŞ-ın İranla münasibətlərdə “geri dönüş nöqtəsini” keçdiyini yazıb. Hərbi ekspertlər isə İsrail Baş Qərargah rəisi Eyal Zamirin Vaşinqtona son səfərinin məxfi İran dosyelərinin müzakirəsinə həsr olunduğunu iddia edirlər.

Danışıqlar, yoxsa toqquşma?

Bununla belə, “i24NEWS” telekanalına danışan mənbələr ABŞ zərbəsinin qaçılmaz olmadığını bildirirlər. Onların fikrincə, Tramp danışıqlar yolunu sona qədər davam etdirə və mövcud hərbi gücdən sadəcə təzyiq aləti kimi istifadə edə bilər.

İsrailin Vaşinqtona çatdırmaq istədiyi “üç qırmızı xətt” isə dəyişməz qalır: İranda uranın zənginləşdirilməsinə yox, İsrailə çata bilən uzaqmənzilli raketlərə yox, regional “qolların” maliyyələşdirilməsinə yox.

Mümkün ssenarilər

Danışıqların uğurla nəticələnməsi İsrail üçün ciddi siyasi uğursuzluq sayılır. Bu halda vasitəçi kimi önə çıxan Türkiyənin Vaşinqtondakı təsirinin artacağı düşünülür ki, bu da Təl-Əvivdə arzuolunan ssenari deyil.

Hazırda üç əsas variant gündəmdədir: simvolik ABŞ zərbəsi və simvolik İran cavabı sonrası razılaşma; genişmiqyaslı ABŞ hücumu və İranın sərt cavabından sonra danışıqlar; yaxud heç bir hərbi toqquşma olmadan diplomatik həll.

Nəticə

Ssenarilər nə qədər fərqli olsa da, yekunda tərəflərin yenidən danışıqlar masasına qayıdacağı qənaəti üstünlük təşkil edir. Çünki heç bir tərəf yalnız müharibə naminə müharibə aparmır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş