İsrail qüvvələri humanitar “Əzm Donanması”na hücum etdi
Bu gün İsrail işğalçı qüvvələri Qəzzaya istiqamətlənən və üzərində xarici fəallar ilə humanitar yardımlar daşıyan 13 qayığa hücum edib. Hadisə barədə məlumatı “Əzm Donanması”nın təşkilatçıları yayıb. Bildirilib ki, daha 30 qayıq hazırda yoluna davam edir və mühasirədə olan Qəzzaya çatmağa çalışır.
Qayıqlarda beynəlxalq fəallar və yardımlar
Məlumata görə, donanma ümumilikdə 40-dan çox mülki qayığı əhatə edir. Bu qayıqlarda 500-ə yaxın şəxs – parlament üzvləri, hüquqşünaslar və hüquq müdafiəçiləri iştirak edir. Onların əsas məqsədi İsrailin uzun illərdir tətbiq etdiyi blokadanı yarmaq və Qəzzaya dərman, ərzaq və digər humanitar yardımlar çatdırmaqdır.
Təşkilatçılar “Telegram” vasitəsilə yayımladıqları videolarda iştirakçıların bəyanatlarını paylaşıb. Onlar əlində pasportları ilə kameraya müraciət edərək İsrail tərəfindən zorla saxlanıldıqlarını, missiyalarının isə tamamilə sülh və humanitar xarakter daşıdığını bildiriblər.
Qreta Tunberq İsrail hərbçiləri arasında
Sosial şəbəkələrdə yayılan videoda məşhur isveçli iqlim fəalı Qreta Tunberqin də qayıqlardan birində İsrail əsgərləri ilə əhatələndiyi görünür. İsrail Xarici İşlər Nazirliyi yayımladığı açıqlamada “Qreta və dostlarının vəziyyətinin yaxşı olduğunu” iddia edib. Nazirlik, həmçinin, donanmanı “HƏMAS-a məxsus” adlandıraraq hücuma haqq qazandırmağa çalışıb.
“Cinayət əməli” ittihamı
“Əzm Donanması”nın təşkilatçıları İsrailin bu hücumunu “hərbi cinayət” adlandırıb. Onların sözlərinə görə, İsrail ordusu qayıqları beynəlxalq sularda, Qəzzadan 70 mil uzaqlıqda saxlayıb. Hücum zamanı güclü su şırnaqları ilə qayıqlara zərbə vurulduğu, həmçinin rabitə və canlı yayım imkanlarının tamamilə pozulduğu bildirilib.
Dünya ölkələrindən etirazlar
Hadisə müxtəlif ölkələrdə etirazlara səbəb olub. İtaliyanın bir neçə şəhərində israilyönümlü hücuma qarşı nümayişlər keçirilib. Almaniyanın paytaxtı Berlində fəallar mərkəzi dəmir yolu stansiyasını bağlayaraq İsrailin hərəkətlərini pisləyiblər.
Afrika ölkələrindən də dəstək aksiyaları gəlib. Mavritaniyanın paytaxtı Nuakşotda və ABŞ səfirliyi qarşısında onlarla insan toplaşaraq İsrailin hücumunu qınayıb. Eyni zamanda, Tunisdə də genişmiqyaslı etiraz aksiyaları keçirilib.