İsrail Etiraf Etdi: İrana Vurulan Zərbə Gözləniləndən Az Olub

3 Dəq Oxuma Müddəti

Sionist Rejimdən gözlənilməz etiraf

İsrail iyun ayında İranla baş verən 12 günlük müharibə zamanı vurduğu zərərin əvvəl hesab edildiyindən xeyli az olduğunu etiraf edib. Məlumata görə, İsrail ordusunun Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri, general-mayor Şlomi Binder bu həftə ABŞ-ın BMT-dəki səfiri Mayk Voltsla görüşü zamanı bu qənaəti dilə gətirib.

Binder bildirib ki, İsrailin qiymətləndirmələrinə əsasən, İranın ballistik raket proqramı müharibə zamanı ilkin iddialardan fərqli olaraq ciddi zərər görməyib. Bu etiraf Təl-Əvivin müharibə sonrası ritorikası ilə ziddiyyət təşkil edir və İsrail daxilində də suallar yaradıb.

Təl-Əviv yenidən Vaşinqtona təzyiq edir

“Al-Monitor” saytının mövzu ilə tanış mənbəyə istinadən yaydığı məlumata görə, İsrail rəhbərliyi ABŞ-ı yenidən İrana qarşı daha sərt addımlar atmağa çağırır. Mənbənin sözlərinə görə, Təl-Əviv bu məsələni Vaşinqtonla koordinasiya edərək “qırmızı xətlərin” müəyyənləşdirilməsini istəyir.

“Bu, İsrailin uzun müddət qəbul edə bilməyəcəyi bir təhlükədir. Biz amerikalılarla gələcəkdə, hətta yaxın zamanda atıla biləcək addımlar və qırmızı xətlər üzərində razılaşmalıyıq”, – deyə mənbə bildirib.

İranın raket potensialı qorunub saxlanılıb

Bu açıqlamalar “The Times of Israel” nəşrinin iddiaları ilə də üst-üstə düşür. Nəşr yazır ki, İran hazırda təxminən 2 min ağır ballistik raketə malikdir və bu rəqəm müharibə ərəfəsindəki göstəricidən demək olar ki, fərqlənmir.

Bu fakt İsrailin müharibə zamanı əsas hədəflərindən birinin – İranın raket gücünü zəiflətmək planının uğursuzluğa düçar olduğunu göstərir.

Hüquqa zidd müharibə və ABŞ-ın iştirakı

Xatırladaq ki, iyunun 13-də İsrail heç bir səbəb olmadan İrana qarşı hərbi hücuma başlayıb. Hücumlar zamanı İranın yüksək rütbəli hərbi komandirləri, nüvə alimləri və mülki şəxslər həlak olub.

Bir həftədən çox müddət keçdikdən sonra ABŞ da müharibəyə qoşularaq Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektini bombalayıb. Bu addım beynəlxalq hüququn və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) açıq şəkildə pozulması kimi qiymətləndirilib.

İranın cavabı və müharibənin dayandırılması

Buna cavab olaraq, İran Silahlı Qüvvələri işğal olunmuş ərazilərdə yerləşən strateji hədəfləri, eləcə də ABŞ-ın Qətərdəki “Əl-Udeyd” hərbi hava bazasını vurub.

İyunun 24-də isə İranın İsrailə və ABŞ-a qarşı həyata keçirdiyi uğurlu cavab əməliyyatları nəticəsində qeyri-qanuni hücumların dayandırılmasına nail olundu. Analitiklər bu prosesi İranın hərbi və siyasi baxımdan üstünlük əldə etməsi kimi dəyərləndirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş