İsrail ordusu Qəzzada atəşkəsi pozmağa davam edir
Qəzzada vəziyyət getdikcə gərginləşir. İsrail ordusu atəşkəs rejiminə baxmayaraq, bölgədə hərbi əməliyyatlarını davam etdirir. Məlumata görə, İsrail artilleriyası “sərhəd hasarı” boyunca intensiv atəş açır. Bununla yanaşı, bölgədə İsrail tankları və zirehli texnikalarının fəal hərəkətləri müşahidə olunur.
Müxbir bildirir ki, Qəzza zolağındakı bələdiyyələr müharibə nəticəsində dağılmış infrastrukturun bərpasına tamamilə aciz qalıb. Su, kanalizasiya və elektrik xətləri ciddi şəkildə zədələndiyi üçün minlərlə insan əsas xidmətlərdən məhrum olub.
İsrail artilleriyası və donanması Qəzzanı hədəfə alır
Fələstin KİV-lərinin məlumatına görə, bu gün səhər saatlarında İsrail ordusu Mərkəzi Qəzzada yerləşən Əl-Məğazi və Əl-Bureyc düşərgələrinin şərq hissəsini artilleriya atəşinə tutub. Eyni zamanda, Xan Yunis bölgəsində də hava və top atəşləri qeydə alınıb.
Bundan başqa, İsrailin hərbi gəmiləri Qəzza şəhəri sahillərindəki balıqçı qayıqlarını atəşə tutub.
Balıqçılar komitəsinin rəhbəri Zəkəriyyə Bəkr bildirib ki, İsrail qüvvələri Qəzza balıqçılarını hədəf almağa davam edir: “Onlar 10 balıqçını saxlayıb, 7 nəfəri isə dənizə atıblar. Məqsəd, dənizdəki bütün balıqçı fəaliyyətini tamamilə məhv etməkdir.”
Dağıntı altında qalan uşaq həyatını itirdi
Dünən axşam Qəzza şəhərində əvvəlki bombardman nəticəsində zədələnmiş bir binanın çökməsi faciəyə səbəb olub. Nəticədə bir qız uşağı həlak olub, bir neçə nəfər isə yaralanıb. Bu hadisə, bölgədə hələ də təhlükə yaradan çoxsaylı zədələnmiş binaların vəziyyətini bir daha gündəmə gətirib.
İnsanlıq böhranı dərinləşir
Qəzzada humanitar vəziyyət günbəgün pisləşir. Sakinlər nə təhlükəsiz sığınacaqlara, nə də tibbi yardıma malikdirlər. İnfrastrukturun dağılması nəticəsində minlərlə ailə evsiz qalıb.
Qəzza Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən, 11 oktyabrda elan edilən atəşkəsdən bəri 93 fələstinli həlak olub, 324 nəfər yaralanıb. Həmçinin, dağıntılar altından 464 şəhidin cəsədi çıxarılıb. Rəqəmlərin artmaqda olduğu bildirilir.
Atəşkəsin tez-tez pozulması, bölgədə sülhə ümidləri daha da azaldır. Beynəlxalq ictimaiyyətin səssizliyi isə Qəzza əhalisinin faciəsini dərinləşdirir.
