Alverçi Tramp əyləci tutmayan yük maşını kimi açıqlamalar verməyə davam edir. Netanyahunun əmri, Trampın sözü ilə ABŞ və İsrailin İrana qarşı “epik qəzəb” adı ilə başlatdıqları terror müharibəsinin təməlində yatan əsas səbəb monopolist hegemoniyadır. Monopolist hegemoniyanın kimin nəzarətində olacağı məsələsi Tramp ilə Netanyahu arasında nisbi rəqabət məsələsi idi. Bu, ciddi bir rəqabət və toqquşmanın səbəbkarı olmağa namizəddir. İrana qarşı müharibədə ciddi bir ixtilaf kimi qalır. Bu məsələ müharibəni daha da mürəkkəb və qat-qat çətin hala gətirə bilər. Müharibənin sona çatmasında da bir səbəb ola bilər. Amma hər ikisi də monopolist hegemoniyalarına maneə törətdiyi üçün İrana qəzəblidirlər. Su və enerji resursları, marşrutları və bazarlar üzərində hegemoniyalarını qura bilmədikləri üçün epik bir qəzəb alovu içində yanırlar. Su və enerjini sadəcə iki element kimi düşünməyin. Su və enerji resursları qızıl və zümrüddən daha zəruri və daha qiymətlidir. Hava, torpaq və od kimidir. Həyat və dolanışıqdır, gücdür, mədəniyyətdir; var olmaq və davam etmək üçün vazkeçilməzdir.
BEN QURİON KANALI
İsrail, Fələstində Qəzza, Qərbi Şəriə, Suriyada Qolan (Colan), Cəbəl əl-Şeyx (Şeyx dağı), Livanda Litani çayını (Livannın cənubu) və mümkün olsa Livan Bəka vadisini İsrailə ilhaq edilmiş və ya onun tam nəzarətində olan coğrafiyalar kimi istəyir. Fələstində Qərbi Şəriə və Qəzzadan sadəcə fələstinliləri köçürmək, yəhudilərə yeni məskunlaşma sahələri açmaq məqsədi güdmür. Qəzza zolağında Mayami və Las Veqasın klonunu yaratmaq əsas hədəf deyil. İsrail bu əraziləri, daha əvvəl dəfələrlə diqqət çəkdiyimiz, lakin təəssüf ki, “ağsaqqallar və televiziyalarda əllərində çubuqla hər mövzuda hökm verənlər” tərəfindən diqqətdən kənarda qalan Ben Qurion Kanalı üçün istəyir.
David Ben-Gurion və ya Davud Qrün (Yaşıl), İsrailin ilk Baş naziri və İsrail Dövlətinin qurucusudur. 1886-cı ildə Polşada doğulub, 1973-cü ildə Fələstin-İsraildə vəfat edib. Onun adı ilə bağlı olan Ben Gurion Kanalı, 1869-cu ildə açılan və Aralıq dənizini Qırmızı dənizlə birləşdirən, buradan bütün Şərqi Afrika və Ərəbistan-Yəmən sahilləri, Yəmən və Somali dənizi, Hind okeanı və daha bir çox bölgələrə məsafəni xeyli qısaldan Misirin Süveyş Kanalına alternativ olaraq planlaşdırılıb. Regional geosiyasi və iqtisadi strategiya baxımından diqqət çəkən və müzakirələri alovlandıran Ben Gurion Kanalı ideyası, 1956-cı il Süveyş böhranından sonra ortaya çıxıb.
Bu gün Yaxın Şərqdə dəniz ticarətinin və regional dinamiklərin dərin transformasiya keçirdiyi şəraitdə cəlbedici bir layihə kimi İsrailin gündəminə yenidən daxil olub. İsrailin qurucusunun adını daşıyan Ben Gurion Kanalı layihəsi, İsrailin Qırmızı dənizdəki Eylat liman şəhərini Aralıq dənizindəki Aşkelon liman şəhərinə (Qəzza zolağının 13 km şimalında) birləşdirəcək və Süveyş kanalına alternativ su yolu layihəsi olacaq. Hörmüz boğazının strateji əhəmiyyətinin bir daha təsdiqləndiyi İran müharibəsində bu su kanalı İsrailin enerji və digər mallarının daşınmasında Avropa, Ərəbistan, Afrika, Hindistan və yaxın-uzaq Asiya ölkələri arasında açar ölkə mövqeyində olmasını təmin edəcək.
DƏNİZÇİLİK MARŞRUTU DƏYİŞƏCƏK
Bu təşəbbüs, qlobal ticarət modellərini yenidən formalaşdırmaq və mövcud dənizçilik marşrutlarından asılılığı azaltmaq vədi daşıyır. Bu gün Qırmızı dəniz sahillərində Səudiyyə Ərəbistanının Tebük əyalətində inşa edilən qədim NEOM şəhəri vasitəsilə Səudiyyə Ərəbistanına problemsiz şəkildə bağlanaraq İbrahim sazişlərini genişləndirmək vədini də özündə ehtiva edir. Son vaxtlar qurulan İngiltərə-Hindistan İnfrastruktur Körpüsü fonunda Ben Gurion Kanalının gələcəyi daha da əhəmiyyət qazanır. London ilə Yeni Dehli arasındakı əlaqələri gücləndirir. Bu layihə, inteqrə edilmiş dəmir yolu və dəniz limanları şəbəkəsi vasitəsilə Hindistan və Körfəz ölkələrini İsrailə, buradan isə Avropaya qədər uzanan bir ticarət şəbəkəsi qurmağı hədəfləyir.
Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı və Yaxın Şərqin maliyyə mərkəzi olan Birləşmiş Ərəb Əmirlikləri uzun müddətdir həyati əhəmiyyət daşıyan ticarət və enerji dəhlizlərini mümkün fasilələrə qarşı qorumağa çalışırlar. İran müharibəsi və Hörmüz boğazının həssas mövqeyi səbəbilə Körfəz ölkələri alternativ marşrutlar axtarışındadır. İsrail Ben Gurion Kanalı ilə həmin vaxta qədər Körfəz ölkələrinin enerji daşımalarını öz ərazisi üzərindən Aralıq dənizinə və Avropaya yönəltmək niyyətindədir.
VAŞİNQTONDAKI KONFRANS
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack, 26 mart cümə axşamı Vaşinqtonda Atlantik Şurası və Suriya-Amerika İş Şurası tərəfindən təşkil edilən dialoq konfransında maraqlı bir çıxış etdi. Konfransda ABŞ enerji, neft və texnologiya şirkətləri, Suriya Neft Şirkətinin baş direktoru Youssef Qublawi, Suriyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Olabi və ABŞ Dövlət katibinin müavini Jacob A. McGee iştirak edirdi. Barrack qısa çıxışında dedi: “Yaxın Şərq, Suriyanın Hörmüz boğazı və Qırmızı dənizi əhatə edən dilemmanın həllində mənəvi, coğrafi və geosiyasi potensiala malik olduğu fövqəladə tarixi bir andan keçir.”
İsrailin planlaşdırdığı və irəli sürdüyü Ben Gurion Kanalı və İsrailin açar ölkə olmasına qarşılıq olaraq Tramp-Barrack qrupunun Hörmüz boğazı və Qırmızı dəniz-Babülməndəb boğazına alternativ olaraq Suriyanı önə çıxarması, Əsədin “dörd dəniz” layihəsinə istinad etməsi İsraili ABŞ-a qarşı qəzəbləndirən mühüm səbəblərdən biridir. İrana qəzəbinin əsas səbəbləri arasında isə; İranın hələ də İsraili vurmaq və meydan oxuma qabiliyyətinə sahib olması, ABŞ-ın kifayət qədər güvən verməməsi və bu müharibədə “ya ölüm, ya qalım” seçimini tətbiq etməməsi Netanyahunu düşündürən və qəzəbləndirən amillərdəndir.
HEGEMONİYAYA VURULAN ZƏRBƏ
Bununla yanaşı, İranın İraqda təsirli olması və İsrailin arzuladığı quru müdaxiləsi üçün “Kürdüstan bölgəsi və “kürd təşkilatlarını” hərəkətə gətirə bilməməsi, Yəmən və Livanda böyük zərbələr almasına baxmayaraq hər iki ölkədə İsrailə qarşı müqavimətin davam etməsi, İsrailin monopolist hegemoniyasının təkərinə ilişən güclü bir maneə kimi qalır. İran və müttəfiqlərinin müqaviməti davam edərsə, başda Netanyahu olmaqla İsrailin qurucu liderlərinin arzusunu təşkil edən Böyük İsrail Layihəsi (BİP) yalnız böyük zərbə almaqla qalmayacaq, həm də fəal mövqedən passiv mövqeyə keçmə ehtimalını artıracaq. Növbəti yazımızda Barrackın Hörmüz boğazı və Qırmızı dənizə alternativ olaraq təklif etdiyi layihə nədir? Reallaşma ehtimalı varmı? Bu məsələləri araşdıracağıq.
