İsrail ABŞ-da milyonlarla dollarlıq imic kampaniyası başladıb
“Haaretz” qəzetinin məlumatına görə, İsrail hökuməti ABŞ-da xristian mühafizəkar dairələr arasında azalan dəstəyini bərpa etmək üçün genişmiqyaslı ictimaiyyətlə əlaqələr (PR) kampaniyasına başlayıb. Layihənin məqsədi Qəzzada 2023-cü ilin oktyabrında başlayan hərbi əməliyyatlardan sonra İsrailə qarşı artan tənqidi fikirləri zəiflətməkdir.
Sənədlərə əsasən, Tel-Əviv rejimi ABŞ prezidenti Donald Trampın sabiq müttəfiqlərinə məxsus şirkətlərlə milyonlarla dollarlıq müqavilələr imzalayıb. Bu razılaşmalar çərçivəsində İsrailin imicini yenidən formalaşdırmaq və ABŞ-dakı mühafizəkar xristian icmaların dəstəyini qazanmaq üçün rəqəmsal və oflayn təbliğat fəaliyyətləri həyata keçiriləcək.
6 milyon dollarlıq müqavilə və sosial media təsirçiləri
İsrail avqust ayında “Clock Tower X” adlı şirkətlə 6 milyon dollar dəyərində müqavilə bağlayıb. Şirkət Donald Trampın keçmiş rəqəmsal kampaniya meneceri Bred Parskeyla məxsusdur. Müqaviləyə əsasən, hər ay 100 əsas məzmun və 5000 fərqli versiya hazırlanaraq, ayda 50 milyon izlənmə hədəflənir.
Kampaniyanın 80 faizi gənc amerikalılara — xüsusilə TikTok, Instagram və YouTube platformalarında yönəlib. Paylaşım “Salem Media Network” vasitəsilə həyata keçirilir. Bu qurum ABŞ-da 200-dən çox xristian yönümlü radio və vebsəhifəyə sahibdir.
Kilsələrə yönəlik “inam” kampaniyası
“Show Faith by Works” adlı şirkət tərəfindən təqdim edilən və dəyəri 3 milyon dollardan çox olan başqa bir layihə isə xristian kilsələrinə və dini təşkilatlara fokuslanır. Bu təşəbbüs ABŞ-ın qərb ştatlarında — Kaliforniya, Arizona, Nevada və Koloradoda yerləşən kilsələr və xristian kolleclərində ibadət zamanı geolokasiya texnologiyası ilə izləmə aparmağı planlaşdırır.
Bu “ABŞ tarixinin ən böyük coğrafi izləmə əməliyyatı” kimi təqdim olunur. Məqsəd 8 milyon kilsə iştirakçısı və 4 milyon xristian tələbəni rəqəmsal olaraq izləmək və onlara yönəldilmiş İsrail-yönümlü mesajlar çatdırmaqdır.
“Esther Project” və süni intellektdən istifadə
Digər təşəbbüs “Esther Project” adlanır və ABŞ paytaxtında fəaliyyət göstərən “Bridges Partners” konsaltinq şirkəti ilə birgə həyata keçirilir. Layihə 1 milyon dollar dəyərindədir və 14–18 təsirçinin iştirakı ilə TikTok, Instagram, YouTube və X platformalarında ayda 30-a qədər paylaşım edilməsini nəzərdə tutur.
İsrail həmçinin süni intellekt texnologiyalarından da yararlanır. “Clock Tower X” müqaviləsində “Axtarış və Dil Əməliyyatı” adlı bölmə mövcuddur. Burada ChatGPT və Claude kimi süni intellekt platformalarının İsrail, Fələstin və Qəzza müharibəsi barədə suallara cavab vermə tərzini formalaşdırmaq məqsədi güdülür.
Rəqəmsal botlar və koordinasiyalı təbliğat
İsrail Xarici İşlər Nazirliyi ilə “SKDKnickerbocker” şirkəti arasında 2,5 milyon dollarlıq əlavə razılaşma bağlanıb. Bu müqavilə TikTok, Instagram, LinkedIn və YouTube kimi platformalarda botlardan istifadə etməklə İsrailin mövqelərini kütləvi şəkildə təbliğ etməyə yönəlib.
Həmçinin beş yeni rəsmi spiker təyin edilərək müxtəlif media orqanlarında İsrailin mesajlarını sistemli şəkildə yaymaq tapşırılıb.
Mühafizəkar dairələrdə parçalanmanın qarşısı
Analitiklərə görə, bu kampaniyalar İsrailin ABŞ-da ənənəvi müttəfiqləri arasında yaranan parçalanmanı aradan qaldırmaq və xüsusilə xristian mühafizəkar elektoratın dəstəyini qorumaq məqsədi daşıyır. Bununla belə, bir çox müşahidəçi bu cəhdlərin “dərin etimad böhranını” aradan qaldırmaqda yetərli olmayacağını bildirir.
