Netanyahudan Trampa açıq təbrik
Sionist rejimin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı Venesuelaya qarşı həyata keçirilən hərbi hücum və Prezident Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə oğurlanması münasibətilə təbrik edib. Netanyahu “X” sosial şəbəkəsində paylaşdığı mesajda Trampın addımlarını “cəsarətli və tarixi liderlik nümunəsi” kimi qiymətləndirib.
O, paylaşımında bildirib: “Azadlıq və ədalət naminə göstərdiyi cəsarətli və tarixi liderliyə görə Prezident Trampı təbrik edirəm. Onun qətiyyətini və cəsur əsgərlərinin qəhrəmanlığını alqışlayıram.”
Xarici işlər nazirindən ABŞ əməliyyatına dəstək
Sionist rejimin xarici işlər naziri Gideon Saar da ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyatı alqışlayıb. Saar bu addımı ABŞ-ın “azad dünyanın lideri” kimi rolunun tərkib hissəsi kimi təqdim edib.
O iddia edib ki, İsrail bu “tarixi anda” özünü “azadlığı sevən Venesuela xalqının yanında” görür və ölkənin Nikolas Maduronun “istibdadı” altında əziyyət çəkdiyini bildirib. Saarın sözlərinə görə, Maduronun hakimiyyətdən uzaqlaşdırılması Venesuelada demokratiyanın bərpası istiqamətində atılmış addımdır.
“Demokratiyaya doğru addım” iddiası
İsrail xarici işlər naziri Maduronu “narkotik və terror şəbəkəsinə rəhbərlik edən diktator” kimi xarakterizə edib və onun kənarlaşdırılmasını müsbət hal kimi qiymətləndirib. Saar Venesuelada demokratiyanın bərpa olunacağına və gələcəkdə İsrail ilə dostluq münasibətlərinin qurulacağına ümid etdiyini bildirib.
O, əlavə edib ki, Venesuela xalqı demokratik hüquqlarından istifadə etməyə layiqdir və Cənubi Amerika “terror və narkotik oxundan” azad gələcəyə sahib olmalıdır.
ABŞ-ın Karakasa hücumu və Maduronun oğurlanması
Məlumatlara görə, ABŞ bu gün səhər saatlarında Venesuelanın paytaxtı Karakasa hərbi hücum həyata keçirib. Hücum zamanı limanlar, hava limanları və hərbi bazalar hədəf alınıb. Eyni zamanda Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı saxlanılaraq gəmi ilə Nyu-Yorka aparılıb.
Rəsmi Karakas baş verənləri ölkənin suverenliyinə açıq təcavüz və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir.
