Sançes: “Qəzzada baş verənlər cəzasız qalmayacaq”
İspaniyanın Baş naziri Pedro Sançes yeni açıqlamasında Qəzza zolağında həyata keçirilən kütləvi qırğınlara görə məsul olanların gec-tez beynəlxalq məhkəmə qarşısında dayanmalı olduğunu bildirib. O deyib ki, Qəzzada yaşanan humanitar faciə beynəlxalq ictimaiyyət üçün ciddi sınaqdır və bu cinayətlərin cəzasız qalması yolverilməzdir.
Sançes vurğulayıb ki, İspaniya Fələstin məsələsinə olan sadiqliyindən geri çəkilməyəcək və beynəlxalq toplumun hərəkətə keçməsinin vacibliyini daim gündəmdə saxlayacaq. O qeyd edib: “Dünya susmamalıdır. Qəzzadakı hücumlar dayandırılmalı, fələstinlilərin iztirabına son qoyulmalıdır”.
Madridin Avropa səhnəsində etiraz addımları
İspaniyanın son aylardakı mövqeyi təkcə bəyanatlarla məhdudlaşmır. Məlumatlara görə, Madrid bir neçə Avropa ölkəsi ilə birlikdə “İsrail”in iştirakı səbəbindən “Avroviziya 2026” müsabiqəsini boykot etməyi planlaşdırır. Bu addım həm siyasi etiraz, həm də humanitar məsuliyyət kimi qiymətləndirilir.
Bundan əvvəl İspaniya “İsrail”lə silah ticarətini dayandırmış, işğalı dəstəkləyən bir sıra şirkətləri boykot etmişdi. Bu siyasət Madridin Qəzzada yaşananlara baxışını daha aydın şəkildə ortaya qoyur.
İspaniyanın Fələstinə davamlı dəstək xətti
İspaniya uzun illərdir Fələstin xalqının hüquqlarının müdafiəsində fəal rol oynayır. Ölkə həm diplomatik platformalarda, həm də humanitar təşəbbüslərdə fələstinlilərin yanında olduğunu göstərir. Madrid “Qlobal Möhkəmlik Donanması”nın qorunmasında iştirak edib, yardım axınının qarşısının alınmasına qarşı çıxıb.
İspaniya rəsmiləri dəfələrlə vurğulayıblar ki, Qəzzada baş verənlər soyqırım xarakteri daşıyır və buna görə məsul olanlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Sançesin son açıqlaması isə İspaniyanın bu mövqeyinin daha da sərtləşdiyini nümayiş etdirir.
