Madrid hökumətinin sanksiya qərarı
İspaniya Nazirlər Şurası bu gün keçirilən iclasda İsrailə qarşı 9 maddədən ibarət sanksiya paketini təsdiqləyib. Qərara əsasən, Qəzzadakı müharibə cinayətlərində və insan haqlarının pozulmasında birbaşa məsuliyyət daşıyan şəxslərin İspaniyaya girişinə qadağa qoyulub. İlk mərhələdə bu addım İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bəzalel Smotriçə şamil olunub.
Diplomatik böhranın dərinləşməsi
Qərar, İsrailin cavab addımı olaraq İspaniyanın Baş nazirin müavini Yolanda Dias və gənclər və uşaq məsələləri naziri Sira Reqoya giriş qadağası tətbiq etməsindən sonra verilib. İsrail bu qadağanı elan edərkən Madrid hökumətini “antisemitizm”də və “korrupsiyada” günahlandırmışdı.
İspaniyanın mövqeyi
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares mətbuat konfransında bildirib ki, iki israilli nazirin adı Şengen informasiya sisteminə daxil ediləcək:
“Hazırda İspaniyaya girişi yasaqlananlar siyahısında zorakı fəaliyyətləri ilə tanınan 13 yəhudi məskunlaşanı var. İndi həmin siyahıya İsrailin iki naziri də əlavə olundu. Bu siyahı açıqdır və genişlənə bilər.”
Sanksiyalar paketi
Baş nazir Pedro Sançesin elan etdiyi 9 maddəlik sanksiya paketi İsrailin hərbi fəaliyyətlərinə qarşı Avropa miqyasında diqqət çəkib. Paketdə iqtisadi, diplomatik və hüquqi addımlar da nəzərdə tutulur.
Diplomatik böhran davam edir
İsrail ilə İspaniya arasında artan gərginlik fonunda Madrid hökuməti Tel-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Analitiklər iki ölkə arasında böhranın yaxın vaxtlarda daha da dərinləşəcəyini istisna etmir.