Sançes: “Soyqırım davam edərkən iki dövlətli həll mümkün deyil”
İspaniya Baş naziri Pedro Sançes, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində keçirilən “Fələstin məsələsinə həll tapılması və iki dövlətli həllin həyata keçirilməsi” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda çıxış edib. Konfrans Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə təşkil olunub.
Baş nazir nitqində İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları “soyqırım” adlandırıb və bu şəraitdə iki dövlətli həllin reallaşmasının mümkünsüz olduğunu vurğulayıb:
“Gəlin açıq danışaq, iki dövlətin birinin soyqırımın qurbanı olduğu şəraitdə iki dövlətli həll mümkün deyil. Bu konfrans, biganəlik və laqeydliyə qarşı mənəvi üsyandır, eyni zamanda vəhşiliyi dayandırmaq və sülhün yolunu açmaq üçün kollektiv öhdəlikdir.”
“Tarix susanları mühakimə edəcək”
Sançes çıxışında Qəzzadakı vəziyyətə laqeyd yanaşanların tarix qarşısında məsuliyyət daşıyacağını da bildirib:
“Tarix bizi mühakimə edəcək və barbarlığa susanlara qarşı hökm amansız olacaq. İspaniya susmağa yox, hərəkətə keçməyə qərar verib. Biz bu vəhşiliyə şərik edən səssizliyə yox deyirik.”
“Qəzzadakı ümid – dünyanın onları unutmadığını bilməsidir”
İspaniya Baş naziri Qəzzadakı fələstinlilərin yeganə ümidinin beynəlxalq ictimaiyyətin onları unutmadığını bilmək olduğunu deyib. O, İsrailin qadınları, uşaqları və yaşlıları hədəfə aldığını, bunun isə dayandırılmasının vacib olduğunu vurğulayıb.
Fələstin üçün tamhüquqlu üzvlük tələbi
Sançes çıxışında Fələstin Dövlətinin BMT-yə digər ölkələr kimi tamhüquqlu üzv qəbul edilməli olduğunu, fələstinlilərin ən fundamental insani haqlardan bərabər şəkildə yararlanmalı olduğunu bildirib.
“İspaniya hərəkətə davam edəcək”
Baş nazir əlavə edib ki, İspaniya Qəzzadakı soyqırım dayandırılana qədər İsrailə qarşı diplomatik addımlar atmağa davam edəcək:
“Fələstin xalqı üçün hələ də ümid var. Bizim borcumuz bu ümidin itməsinə imkan verməməkdir.”