“İslami Cihad” Qəzzadakı Hücuma Görə İsraili İttiham Etdi – ABŞ-ın Razılığı İddiası

3 Dəq Oxuma Müddəti

Qəzzada atəşkəs pozuldu: 4 fələstinli yaralandı

Fələstindəki İslami Cihad Hərəkatı İsrail ordusunun Qəzzanın mərkəzində yerləşən Nüsəyrat düşərgəsinə pilotsuz təyyarə ilə hücumu nəticəsində 4 nəfərin yaralandığını təsdiqləyib. Hərəkat bəyan edib ki, bu hücum atəşkəs razılaşmasının açıq şəkildə pozulmasıdır və məsuliyyət tam şəkildə İsrailin üzərinə düşür.

Hərəkatın açıqlamasında qeyd olunub: “İşğal ordusunun guya Nüsəyratda ‘cihadçıların təcavüz planlaşdırdığı’ iddiası tamamilə yalandır və yalnız öz hücumunu əsaslandırmaq üçün uydurulmuş bəhanədir.”

İslami Cihad həmçinin beynəlxalq vasitəçiləri öhdəliklərini yerinə yetirməyə çağıraraq, İsraili atəşkəsin şərtlərinə əməl etməyə məcbur etmələrini tələb edib. “Fələstin xalqının özünü müdafiə etmək və İsrailin məqsədsiz qətllərinə cavab vermək hüququ var,” – deyə bəyanatda vurğulanıb.

Müqavimət Hərəkatlarından ortaq bəyanat

Fələstin Müqavimət Komitələri də yayımladıqları bəyanatda İsraili “vasitəçilərin himayəsi altında imzalanan atəşkəsi ardıcıl şəkildə pozmaqda” ittiham edib. Bəyanatda deyilir ki, “İsrailin Nüsəyratda həyata keçirdiyi hücum atəşkəsə qarşı açıq təxribatdır və nəticələrinin məsuliyyəti tam şəkildə işğalçı qüvvələrin üzərindədir.”

Hərəkat həmçinin beynəlxalq vasitəçiləri – xüsusilə Misir və Qətəri – İsrailin öhdəliklərə əməl etməsi üçün təzyiq göstərməyə çağırıb.

İsrail hücumu: “Məqsədli əməliyyat” və ABŞ faktoru

İsrail ordusu isə şənbə günü verdiyi açıqlamada hücumu “məqsədli əməliyyat” adlandıraraq, hədəfin İslami Cihadın bir üzvü olduğunu və onun İsrail qüvvələrinə qarşı hücum hazırlığında olduğunu iddia edib.

Hadisə şahidlərinin “Reuters” agentliyinə verdiyi məlumata görə, hədəfə alınan avtomobil vurulduqdan sonra dərhal alova bürünüb. Fələstin təcili yardım xidmətləri 4 nəfərin yaralandığını və onların xəstəxanaya aparıldığını bildirib.

İsrail mediası: Hücum ABŞ-ın razılığı ilə aparılıb

İsrailin “İsrael News24” kanalının hərbi müxbiri Yossi Yehoshua hücumun ABŞ-ın əvvəlcədən razılığı ilə həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, “əməliyyat bir gündən çox davam edən koordinasiyadan sonra təsdiqlənib. Əvvəlcə İsrailin cənub komandanlığı və hərbi kəşfiyyatı tərəfindən dəyərləndirilib, daha sonra qərar siyasi rəhbərliyə təqdim edilib və oradan birgə İsrail–ABŞ qərargahına ötürülüb. Son təsdiqi isə ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri verib.”

Bununla belə, digər İsrail təhlükəsizlik mənbələri hücumun ABŞ tərəfindən “razılaşdırıldığını” deyil, “yalnız məlumatlandırma məqsədilə müzakirə edildiyini” iddia ediblər.

Beynəlxalq reaksiyalar gözlənilir

Qəzzada baş verən bu son hücum atəşkəsin davamlılığına dair ciddi narahatlıq yaradıb. Beynəlxalq müşahidəçilər ABŞ-ın əməliyyata dolayısı ilə cəlb olunması barədə xəbərlərin bölgədəki gərginliyi daha da artıra biləcəyini bildirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş