İslam İnqilabı Rəhbəri Həzrət Fatimənin (s.ə) Vilayəti Müdafiəsi ilə Bağlı Mesajı

12 Dəq Oxuma Müddəti

“Vilayətin əmrindən canının qorunmasına qədər” müdafiəsinin yol xəritəsi

Bu gün regionda baş verən hadisələrin rəhbərlik, vilayət və ümmətin tarixi dönüş nöqtələrindəki məsuliyyəti məsələsini yenidən diqqət mərkəzinə gətirdiyi bir şəraitdə Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyat yoluna yenidən nəzər salmaq sadəcə tarixi bir hadisəni xatırlamaqdan daha böyük əhəmiyyət daşıyır. O Həzrətin imaməti müdafiə etməkdə tutduğu mövqe bugünkü cəmiyyət qarşısında belə bir sual qoyur: Həssas məqamlarda rəhbərliyin mövqeyinin qorunmasında və onun müəyyən etdiyi yolun davam etdirilməsində xalqın üzərinə düşən vəzifə nədir?

İslam tarixi özündə acı bir həqiqəti qeydə alıb: Bəzən bir cəmiyyət bədəl ödəməmək üçün məhz onun izzət və səadətinin təminatçısı olan şeydən uzaqlaşır. Əziz İslam Peyğəmbərinin (s) şəhadətindən sonra İslamın bərqərar olması uğrunda illərlə mübarizə aparmış bir cəmiyyət belə bir imtahanla üzləşdi. Həzrət Fatimeyi-Zəhra (s.ə) bu təhlükəni başqalarından daha tez dərk etdi və onun qarşısını almaq üçün bütün nüfuzunu və ictimai mövqeyini ortaya qoydu.

Bu gün ümmətin imamı Həzrət Ayətullahül-üzma Seyid Əli Xameneinin şəhadətindən sonra həmin tarixi təcrübəyə yenidən nəzər salmaq sadəcə bir hadisəni xatırlamaq deyil, əksinə, bir xalqın və tarixi hərəkatın qarşısında duran məsuliyyəti anlamaq cəhdidir.

Düşmənin hərbi müharibə ilə yanaşı, inancları, iradələri və ictimai birliyi də hədəfə aldığı bir şəraitdə əsas sual budur: “Vilayəti necə qorumaq və imamın şəhadətinin onun yolunda və ideallarında qırılmaya səbəb olmasına necə imkan verməmək olar?”

Cavabı Həzrət Zəhranın (s.ə) həyat yolunda axtarmaq lazımdır. O Həzrət göstərdi ki, vilayəti müdafiə etmək yalnız imamın canını qorumaqla məhdudlaşmır, onun mövqeyini, əmrini və yolunu müdafiə etmək də bu məsuliyyətin bir hissəsidir.

Vilayət – xalqın dini və dünyəvi həyatını birləşdirən halqa

Qurani-Kərim “Maidə” surəsinin 54–56-cı ayələrində üç həqiqəti bir-birinin yanında təqdim edir: mömin cəmiyyətin xüsusiyyətləri, vilayətin mövqeyi və nəticədə Hizbullah cəbhəsində qərarlaşmaq.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

54-cü ayədə Allah-Təala Özünün sevdiyi və onların da Onu sevdiyi bir xalqdan danışır. Onlar möminlər qarşısında təvazökar, düşmənlər qarşısında isə möhkəmdirlər, Allah yolunda cihad edir və heç bir qınayanın qınağından qorxmurlar.

إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

55-ci ayə vilayətin mövqeyini açıqlayır.

وَمَن يَتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ

56-cı ayə isə Allahın, Peyğəmbərin və möminlərin vilayətini qəbul etməyi Hizbullahın qələbəsi ilə əlaqələndirir.

Bu ayələrin bir-birinin yanında yer alması ideal bir cəmiyyətin mənzərəsini təqdim edir. Elə bir cəmiyyət ki, həm mömin, agah və məsuliyyətli xalqa, həm də onun hərəkət istiqamətini müəyyən edən hidayət və vilayət mərkəzinə ehtiyac duyur. Bu sistemdə xalq hadisələrin sadəcə tamaşaçısı deyil. İnsanlar imanlarını mərifətə, mərifətlərini isə iştirak və əmələ çevirməlidirlər.

Daha mühüm məqam budur ki, Quran məntiqində vilayət xalqın real həyatından ayrı deyil. İlahi hidayət ədalətdə, ləyaqətdə, təhlükəsizlikdə, ictimai münasibətlərdə və cəmiyyətin maddi-mənəvi işlərinin qaydaya salınmasında özünü göstərməlidir. Buna görə də vilayətdən danışmaq sadəcə etiqadi bir mövqedən danışmaq deyil, insanın dini və dünyəvi həyatını birlikdə nizama salmalı olan bir yoldan danışmaqdır.

Məhz bu həqiqət Həzrət Zəhranın (s.ə) Əmirəlmöminin Əlini (ə) müdafiə etməsinin əsasını təşkil edirdi. O Həzrət Peyğəmbərin canişinliyi ilə bağlı ixtilafı hakimiyyət uğrunda məhdud bir mübarizə hesab etmirdi. Əksinə, imamın cəmiyyətə hidayət yolundan kənarlaşdırılmasının nəticələri barədə xəbərdarlıq edirdi.

Fatimə (s.ə) və tarixi bir səhvə qarşı mübarizə

Həzrət Zəhra (s.ə) Əziz İslam Peyğəmbərinin (s) vəfatından sonra hidayət üçün müəyyən edilmiş yoldan sapma hesab etdiyi dəyişiklik qarşısında susmadı. Onun Məscidün-Nəbidə iştirakı və Fədək xütbəsini söyləməsi məhz bu həqiqəti açıqlamaq üçün bir fürsət idi. Məsələ yalnız Fədək və maddi bir tələb deyildi, burada imamətin taleyi və İslam cəmiyyətinin gələcəyi müzakirə olunurdu.

Fədək xütbəsinin ən mühüm hissələrindən biri bu ifadədir:

«وَ الْعَدْلَ تَنْسِيقاً لِلْقُلُوبِ، وَ طَاعَتَنَا نِظَاماً لِلْمِلَّةِ، وَ إِمَامَتَنَا أَمَاناً مِنَ الْفُرْقَةِ»

Ədalət qəlbləri birləşdirən amildir. Bizə itaət ümmətin nizam-intizamına, imamətimiz isə təfriqədən qorunmasına səbəb olur.

Bu ifadə imamətin fəlsəfəsinin ən dərin ictimai izahlarından biridir. Həzrət Zəhra (s.ə) ədalət, imama itaət və cəmiyyətin birliyi arasında əlaqə yaradır. Onun nəzərində həqiqi birlik sadəcə insanların bir araya gəlməsi və ya zahirən ixtilafdan çəkinməsi ilə formalaşmır. Əksinə, cəmiyyətə hidayət verən haqq meyarının mövcudluğundan asılıdır.

Bu söz əslində tarixi bir hesablama səhvi barədə xəbərdarlıqdır: Siyasi bədəllərdən yayınmaq və sakitliyə nail olmaq üçün imamı öz mövqeyindən kənarlaşdırmaq, eyni zamanda cəmiyyətin ədalət və səadət yolunda qalacağını gözləmək.

Həzrət mühacir və ənsar qadınlarının qarşısında söylədiyi sözlərdə də Əmirəlmömininin (ə) mövqeyinə işarə edərək buyurmuşdur:

«أَنَّى زَحْزَحُوهَا عَنْ رَوَاسِي الرِّسَالَةِ وَقَوَاعِدِ النُّبُوَّةِ … وَالطَّبِينِ بِأُمُورِ الدُّنْيَا وَالدِّينِ»

O Həzrət Peyğəmbərin canişinliyinin öz layiqli mövqeyindən uzaqlaşdırılmasını açıq-aşkar bir itki hesab etmiş və imamın dünya və din işlərindən xəbərdar olduğunu vurğulamışdır.

Burada əsaslı bir məqam aydın olur: Həzrət Zəhranın (s.ə) nəzərində imamət yalnız axirət üçün yol göstərmək deyil. İmam cəmiyyətin həm dünyəvi, həm də dini sahələrdə məsləhətini bilən şəxsdir. Buna görə də onun kənarlaşdırılmasını məhdud siyasi nəticələri olan bir qərar hesab etmək olmaz.

Həzrət “Əraf” surəsinin 96-cı ayəsinə istinad edərək iman və təqvanın göylərin və yerin bərəkətlərinin açılmasına zəmin yaratdığını da bildirmişdir.

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَٰكِن كَذَّبُوا فَأَخَذْنَاهُم بِمَا كَانُوا يَكْسِبُونَ.

Buradakı mesaj budur ki, cəmiyyət ilahi hidayət yolundan uzaqlaşaraq eyni zamanda onun bütün bərəkətlərindən faydalanacağını gözləyə bilməz.

Vilayətin müdafiəsi – imamın canını qorumaqdan daha geniş məsuliyyət

Lakin Həzrət Zəhranın (s.ə) həyat yolundan bu gün üçün götürülə biləcək ən mühüm dərs vilayət qarşısındakı məsuliyyətin müxtəlif tərəflərini tanımaqdır.

O Həzrət həm Əmirəlmömininin (ə) mövqeyini və haqqını müdafiə etdi, həm də cəmiyyəti həqiqətlərdən xəbərdar etmək üçün meydana çıxdı. Başqa sözlə, Fatimənin (s.ə) həyat yolunda vilayətin müdafiəsinin bir-birindən ayrılmaz iki tərəfi var: “İlahi vəlinin varlığını qorumaq və onun əmrini, mövqeyini və yolunu müdafiə etmək”.

Əgər imamın canı təhlükə altındadırsa, onu müdafiə etmək təcili bir məsuliyyətdir. Lakin onun həqiqəti və əmri cəmiyyətdə təhrif edilərsə, maarifləndirmə və həqiqətlərin izahı da eyni dərəcədə əhəmiyyət daşıyır. Həzrət Zəhra (s.ə) göstərdi ki, vilayəti müdafiə etmək üçün bəzən ictimai nüfuzdan, rahatlıqdan və hətta candan keçmək lazımdır.

Buna görə də vilayətin həqiqi müdafiəçisi yalnız böhran günlərində imamdan danışan şəxs deyil. Əksinə, həlledici məqamlarda haqqı şəxsi mənafeyindən üstün tutan, həqiqətin təhrif edilməsi qarşısında susmayan və vilayətin ideallarının həyata keçirilməsi üçün məsuliyyət qəbul edən şəxsdir.

Bu məsuliyyət hibrid müharibə dövründə daha böyük əhəmiyyət qazanır. Bu gün düşmən yalnız əraziləri ələ keçirməyə çalışmır. İctimai etimadı zəiflətmək, xalq arasında parçalanma yaratmaq, həqiqətləri təhrif etmək və milli iradəni sarsıtmaq da qarşıdurma meydanının bir hissəsidir. Belə bir şəraitdə bəsirət və izah cihadı, birliyin qorunması, yalan və şayiələrlə mübarizə vilayətin müdafiəsinin ən mühüm təzahürlərindən hesab olunur.

Dirçəlmiş ümmət – xalq vilayətin gerçəkləşməsinin əsas amilidir

Bununla belə, bu sistemin mühüm bir tərəfi nəzərdən qaçırılmamalıdır: xalq.

Vilayət yolu işıqlandırır, lakin onun cəmiyyətdə gerçəkləşməsi xalqın müşayiəti olmadan mümkün deyil. “Maidə” surəsinin ayələri də vilayətin mövqeyini təqdim etməklə yanaşı, bu yolun daşıyıcıları olmalı olan insanların xüsusiyyətlərini açıqlayır. Bunlar iman, izzət, bəsirət və təzyiqlər, qınaqlar qarşısında möhkəm dayanmalarını təmin edən cəsarətə malik insanlardır.

Bu baxımdan, Ramazan müharibəsindən sonra İran xalqının iştirakı və müqavimətini məsuliyyətli bir ümmətin formalaşmasının təzahürü hesab etmək olar. Ölkənin taleyini müəyyən edən hadisələr qarşısında sadəcə tamaşaçı olaraq qalmayan, birlik və iştirakı ilə İranın əsas sərvətinin hər şeydən əvvəl məhz bu xalqın imanı və iradəsi olduğunu göstərən bir xalq.

Lakin bu iştirak o zaman davamlı bir sərvətə çevrilir ki, böhran günlərindən kənara çıxaraq həyatın digər sahələrində də davam etsin. Vilayəti müdafiə etmək yalnız həssas məqamlarda meydanda olmaq deyil. Ədalət tələb etmək, korrupsiya ilə mübarizə aparmaq, məişət problemlərinin həlli üçün çalışmaq, ölkənin inkişafında iştirak etmək və ictimai birliyi qorumaq da bu məsuliyyətin bir hissəsidir.

Bu məsələdə qadınların da rolu həlledici əhəmiyyət daşıyır. Həzrət Zəhra (s.ə) maarifləndirici fəaliyyəti və ictimai iştirakı ilə, Həzrət Zeynəb (s.ə) isə Aşura həqiqətini qoruması ilə göstərdilər ki, mömin qadın tarixin ən həssas dönüş nöqtələrində kollektiv iradəni formalaşdıran və həqiqəti qoruyan şəxs ola bilər. Bu gün də qadınlar agah nəslin tərbiyəsində, ailənin möhkəmləndirilməsində, ictimai ümidin qorunmasında və rəvayətlər müharibəsinə qarşı mübarizədə mühüm rol oynayırlar.

Qisas tələbi – şəhid imamın yoluna sədaqət

İndi şəhid imamın və haqq yolunun digər şəhidlərinin şəhadətindən sonra cəmiyyətin məsuliyyəti yeni mərhələyə qədəm qoyub. Əsas sual artıq yalnız düşmənin cinayətinə necə reaksiya vermək deyil. Əsas məsələ imamın şəhadətinin onun ömrünü həsr etdiyi yolun dayanmasına və ya zəifləməsinə səbəb olmasına necə imkan verməməkdir.

Qisas tələbi, ədalətin təmin olunması və cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsinin tələb olunması ilə yanaşı, şəhidin uğrunda mübarizə apardığı idealların qorunması deməkdir. Müstəqillik, izzət, ədalət, birlik və inqilab yolunun davam etdirilməsi matəm və kədərin kölgəsində unudulmamalıdır.

Bu baxımdan, dünya müsəlmanlarının vəliyyi-əmri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə itaət etmək və cəmiyyətin hidayət yolunu məsuliyyətlə müşayiət etmək şəhid imamın yolunun davam etdirilməsinin təzahürlərindən biridir. Bu sədaqət o zaman həqiqi məna qazanır ki, xalq da idealların həyata keçirilməsində, ölkənin problemlərinin həllində və milli birliyin qorunmasında rol oynasın.

Nəticə etibarilə, Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyat yolu bütün nəsillər üçün böyük bir dərs daşıyır: “Vilayəti yalnız məhəbbət və etiqad səviyyəsində qorumaq olmaz. Vilayətin onu tanıyan, həqiqətini müdafiə edən və ideallarının həyata keçirilməsi üçün bədəl ödəyən insanlara ehtiyacı var”.

Fatimə (s.ə) göstərdi ki, imamın canını müdafiə etmək məsuliyyətin sonu deyil. İmamın əmrini müdafiə etmək və cəmiyyəti ayıq saxlamaq da həmin əhdin digər bir hissəsidir. Bu gün də bizim imtahanımız məhz budur: Şəhid imamın matəmini saxlayarkən onun yolundan uzaqlaşmamaq, vilayətə sədaqəti söz və şüardan çıxararaq fərdi və ictimai həyatda mərifətə, məsuliyyətə və əmələ çevirmək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş