Əl-Hol düşərgəsi və həbsxanaların nəzarətinin HTŞ rejiminə keçməsindən sonra İŞİD Əhməd Şaranı ABŞ və Qərbin maraqlarına xidmət etməkdə ittiham edib. Təşkilat Trampın “daha sadiq bir idarəçi” tapdığını iddia edib.
Suriyada İŞİD üzvlərinin saxlanıldığı Rojavadakı Əl-Hol düşərgəsi və həbsxanaların nəzarətinin HTŞ rəhbərliyinə keçməsindən sonra İŞİD-dən diqqətçəkən bir açıqlama gəlib.
Təşkilat HTŞ lideri Əhməd Şaranı Qərb ölkələrinin gündəmini həyata keçirməkdə günahlandıraraq, ABŞ Prezidenti Donald Trampın maraqları naminə “yeni bir nəzarətçi” tapdığını irəli sürüb. Açıqlamada Şara əvvəlki adı ilə — “Əbu Məhəmməd əl-Colani” kimi xatırladılıb.
Rudaw-un məlumatına görə, İŞİD-ə yaxın media orqanlarında yayımlanan bəyanatda düşərgə və həbsxanaların Şara rəhbərliyinin nəzarətinə keçməsi sərt ifadələrlə tənqid edilib. Bəyanatda aşağıdakı fikirlərə yer verilib:
“Düşərgə və həbsxanaların Colani rejiminin nəzarətinə keçməsi ilə Qərbə boyun əymək və itaət etmək baxımından nusayri və kommunist rejimləri belə geridə qoyan bir tağut hakimiyyətinə səlahiyyət verilməsi tamaşası tamamlanmış oldu.”
Mətndə “nusayri” ifadəsi ilə Bəşər Əsəd rəhbərliyi, “kommunist” ifadəsi ilə isə Suriya Demokratik Qüvvələri (SDQ) nəzərdə tutulub.
Tramp vurğusu: “Daha sadiq birini tapdı”
Açıqlamada ABŞ Prezidenti Donald Trampın “Kürdlər bizim üçün deyil, daha çox özləri üçün çalışdılar” sözlərinə də istinad edilib. İŞİD bu ifadələrin Vaşinqtonun maraqlarına daha çox xidmət edəcək yeni bir rəhbərlik axtarışının göstəricisi olduğunu iddia edərək, Əhməd Şaranın hazırda Suriyadan çox ABŞ-a xidmət etdiyini irəli sürüb.
Təşkilat Şara–ABŞ münasibətlərinə dair dəyərləndirməsində belə deyib:
“Tramp nəhayət istədiyini əldə etdi; Mazlum Abdidən daha sadiq birini tapdı. Ancaq onların problemi bir nəfərlə kifayətlənməmələridir. Sabah Colanini də başqası ilə əvəz edəcəklər; xüsusilə də onun keçid dövrünün prezidenti olduğu nəzərə alınarsa.”
“Azad etmədilər, daha böyük bir həbsxanaya köçürdülər”
İŞİD açıqlamasında ABŞ-ın Suriya üzrə nümayəndəsi Tom Barrackın “SDQ-nin yaradılmasındakı əsas məqsəd İŞİD-lə mübarizə idi və bu məqsəd artıq başa çatıb” sözlərinə də yer verib. Təşkilat bu açıqlamanın Şara rəhbərliyinin artıq bu rolu öz üzərinə götürdüyünün etirafı olduğunu iddia edib.
Düşərgələrin HTŞ-yə bağlı silahlı qüvvələrin nəzarətinə keçməsini müsbət qarşılayan dairələri də hədəf alan İŞİD bu mövqeni “siyasi hay-küy” kimi xarakterizə edib. Açıqlamada belə deyilir:
“Qadınların və uşaqların azad edildiyini iddia edirlər; halbuki əslində onlar kiçik bir həbsxanadan Colaninin nəzarətçilərinin idarə etdiyi və öz qanunlarını tətbiq etdiyi daha böyük bir həbsxanaya köçürülüblər.”
