Qərbi Şəriədə gərginlik yenidən artıb
Sionist rejim qüvvələri Qərbi Şəriənin müxtəlif bölgələrində genişmiqyaslı reydlər həyata keçirərək yaşayış məntəqələrinə basqınlar təşkil edib. Əməliyyatlar zamanı çoxsaylı evlərdə axtarış aparılıb, bir sıra fələstinlilər saxlanılıb və sakinlər yerində sorğu-suala tutulub.
Şimali Nablusun Əsirə əş-Şimaliyyə qəsəbəsində onlarla evə daxil olan işğalçı İsrail hərbçiləri çoxlu sayda sakini evlərdən birində toplayaraq həmin binanı müvəqqəti istintaq məntəqəsinə çeviriblər.
Nablus və Ərihada saxlanılanlar var
Nablus şəhərində keçirilən reydlər zamanı dörd nəfər yaşadığı evlərə edilən basqınlardan sonra saxlanılıb.
Rejim qüvvələri eyni zamanda Əriha şəhərinə daxil olaraq səs qumbaralarından istifadə edib. Qüdsün şimalındakı Qələndiya düşərgəsinin bazar məhəlləsində keçirilən əməliyyat zamanı isə sakinlərə qarşı çoxlu sayda gözyaşardıcı qaz mərmisi atılıb.
Ramallah yaxınlığında uşaq yaralandı
Ramallahın şərqində yerləşən əl-Muğəyyir kəndi ətrafını işğal edən işğalçı yəhudilərin hücumu nəticəsində bir fələstinli uşaq güllə yarası alıb.
Bədəvi icmalarının hüquqlarını müdafiə edən “Əl-Bəydər” təşkilatı bildirib ki, son dövrdə İordan vadisi, Ramallahın şərqi və işğal altındakı Qüds ətrafında bədəvi yaşayış məntəqələri və otlaq sahələrinə qarşı hücumlar nəzərəçarpacaq dərəcədə artıb.

