HƏMAS razılaşmanı qəbul etdi, hücumlar dayanmadı
HƏMAS-ın ABŞ vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasının ikinci mərhələsini qəbul etməsinə baxmayaraq, işğalçı İsrail ordusu Qəzza zolağına hücumlarını davam etdirib.
Məlumata görə, iyulun 31-dən bəri həyata keçirilən hava və artilleriya zərbələri nəticəsində azı 30 fələstinli həlak olub, onlarla insan isə yaralanıb.
Hədəfdə yaşayış məntəqələri olub
Yerli mənbələrin bildirdiyinə görə, sionist rejim ordusu son üç gün ərzində yaşayış məhəllələrini, məcburi köçkünlərin sığındığı çadırları və mülki şəxslərin toplandığı əraziləri intensiv şəkildə bombalayıb.
Cümə günü Deyr əl-Bələh, Xan Yunis və Qəzza şəhərində həyata keçirilən hücumlarda mülki şəxslər və avtomobillər hədəfə alınıb.
Şənbə günü pilotsuz uçuş aparatları ilə təşkil edilən zərbələr nəticəsində daha səkkiz nəfər həyatını itirib.
Bir ailə tamamilə məhv olub
Bazar günü isə Qəzza şəhərinin qərbində yerləşən yaşayış binasına endirilən hava zərbəsi nəticəsində altı aylıq körpə və anası da daxil olmaqla Əbu Tayf ailəsinin dörd üzvü həlak olub.
Gün ərzində davam edən hücumlarda yaşlılar və uşaqlar da daxil olmaqla daha 18 nəfərin öldüyü bildirilir.
HƏMAS vasitəçiləri hərəkətə keçməyə çağırıb
HƏMAS işğalçı İsrailin hücumlarını atəşkəs razılaşmasını pozmağa yönəlmiş addım kimi qiymətləndirib.
Hərəkat vasitəçi ölkələri və razılaşmanın təminatçılarını məsuliyyət götürməyə, işğalçı İsrailə təzyiq göstərərək hücumların dərhal dayandırılmasını təmin etməyə çağırıb.
Humanitar böhran dərinləşir
Məlumata görə, 2023-cü il oktyabrın 8-dən bəri Qəzza zolağında həlak olan fələstinlilərin sayı 73 mini keçib, 174 mindən çox insan yaralanıb.
Bölgənin infrastrukturunun təxminən 90 faizinin dağıldığı, sərhəd-keçid məntəqələrinin bağlı qalması və humanitar yardımın məhdudlaşdırılması səbəbindən humanitar vəziyyətin daha da ağırlaşdığı bildirilir.
Atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən sonra da hücumların davam etdiyi, bu müddətdə 1 230 nəfərin öldüyü, 4 076 nəfərin isə yaralandığı qeyd olunur.

