İraq İsrailin Qərb Sahilindəki addımına etiraz etdi
İraq Xarici İşlər Nazirliyi cümə günü İsrail Knessetinin işğal altındakı Fələstin ərazilərinin — xüsusilə Qərb Sahilinin — İsrail suverenliyi altına alınmasını nəzərdə tutan iki qanun layihəsini ilkin oxunuşda təsdiqləməsini sərt şəkildə qınayıb.
Nazirliyin bəyanatında bildirilib ki, bu cür genişlənmə yönümlü siyasət və addımlar bölgədə sabitlik imkanlarını ciddi şəkildə zəiflədir, işğal və məskunlaşdırma siyasətini möhkəmləndirir. Bağdad bu addımı beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qərarlarının açıq şəkildə pozulması kimi qiymətləndirib.
İsrail Knesseti layihəni ilkin mərhələdə təsdiqlədi
İsrailin “Kanal 14” televiziya kanalı bir neçə gün əvvəl məlumat vermişdi ki, Knesset Qərb Sahilində “İsrail suverenliyinin tətbiqi” haqqında qanun layihəsini ilkin oxunuşda qəbul edib. Layihəyə “İsrail Torpağı Lobbi”si rəhbərlik edir. Bu lobbinin əsas simaları — Yuli Edelşteyn, Limor Son Har-Meleş və Simxa Rotman — təşəbbüsə açıq dəstək veriblər.
Onlar həmçinin bütün Knesset üzvlərini bu təşəbbüsü dəstəkləməyə çağırıb və məsələnin səsverməsində “azad mövqe” hüququnun tanınmasını tələb ediblər.
14 ölkə və beynəlxalq təşkilat İsrailə qarşı çıxdı
Qərb Sahilinin ilhaqını nəzərdə tutan bu addım beynəlxalq səviyyədə də geniş qınağa səbəb olub. Misir, İordaniya, İndoneziya, Pakistan, Türkiyə, Cibuti, Səudiyyə Ərəbistanı, Oman Sultanlığı, Qambiya, Fələstin, Qətər, Küveyt, Liviya, Malayziya və Nigeriya, eləcə də Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı bu addımı “beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması” adlandırıblar.
Bəzi diplomatik mənbələrə görə, beynəlxalq təzyiqlərdən sonra İsrailin Baş naziri Benyamin Netanyahu layihənin icrasını “növbəti qərara qədər” dayandırıb. İsrail mediası bu qərarı “müvəqqəti dondurma” kimi qiymətləndirir.
Siyasi müşahidəçilər hesab edirlər ki, Knessetdə bu qanun layihəsinin irəliləməsi İsrailin daxili siyasi balansını dəyişə və bölgədə gərginliyi daha da artırmağa səbəb ola bilər.
