İraq Beynəlxalq Koalisiya Bazalarını Tam Boşaltdı

3 Dəq Oxuma Müddəti

Beynəlxalq koalisiyanın missiyası başa çatdı

İraqda beynəlxalq koalisiyanın fəaliyyətinə son qoyulması məqsədilə yaradılan Ali Hərbi Komitə ölkə ərazisində yerləşən bütün hərbi bazaların və komandanlıq qərargahlarının tam boşaldıldığını bəyan edib. Bildirilib ki, federal rəsmi bölgələrdə yerləşən və “İŞİD-lə mübarizə” çərçivəsində koalisiya müşavirlərinin istifadə etdiyi bütün obyektlər artıq İraq təhlükəsizlik qüvvələrinin tam nəzarətinə verilib.

Komitənin açıqlamasına görə, proses çərçivəsində “Əyn əl-Əsəd” hava bazasında və “Birgə Əməliyyatlar Komandanlığı” qərargahında qalan azsaylı koalisiya personalı da ölkəni tərk edib. Bununla da qeyd olunan hərbi obyektlər tam şəkildə İraq ordusunun idarəçiliyinə keçib.

Rəsmi qərar və beynəlxalq razılaşmalar

Ali Hərbi Komitə bazaların boşaldılmasının 27 sentyabr 2024-cü ildə İraq hökuməti tərəfindən yayımlanan və beynəlxalq koalisiyanın ölkədəki hərbi missiyasının başa çatdırılması üçün vaxt cədvəlini müəyyən edən bəyanata uyğun həyata keçirildiyini vurğulayıb. Eyni zamanda, 6 noyabr 2025-ci ildə İraq və ABŞ arasında imzalanmış birgə bəyanatda nəzərdə tutulan “iki ölkə arasında təhlükəsizlik münasibətlərinin gələcəyi” ilə bağlı razılaşmaların icrasına başlanıldığı bildirilib.

Komitə qeyd edib ki, beynəlxalq koalisiyanın İraqdakı missiyasının birinci mərhələsi federal bölgələrdə tam şəkildə yekunlaşıb və bundan sonra ABŞ-la təhlükəsizlik sahəsində ikitərəfli münasibətlər mərhələsinə keçid edilib.

Təhlükəsizlik vəziyyəti və İŞİD təhdidi

Ali Hərbi Komitə İraq təhlükəsizlik qüvvələrinin ölkə ərazisində sabitliyi və təhlükəsizliyi tam təmin etməyə hazır olduğunu bəyan edib. Açıqlamada “İŞİD” terror təşkilatının artıq strateji təhlükə yaratmadığı, ordunun isə bu cür qruplaşmaların yenidən ortaya çıxmasının qarşısını almaq gücündə olduğu xüsusi vurğulanıb.

ABŞ-la ikitərəfli əməkdaşlıq

Komitə bildirib ki, ABŞ-la təhlükəsizlik münasibətləri əsasən hərbi əməkdaşlıq memorandumlarnın icrasına yönələcək. Bu əməkdaşlıq İraq Silahlı Qüvvələrinin maddi-texniki təminatı, silahlanma, təlimlər, hərbi manevrlər və birgə əməliyyatlar sahəsində potensialının artırılmasını nəzərdə tutur.

Suriya üzrə koordinasiya davam edəcək

Təhlükəsizlik koordinasiyası çərçivəsində, xüsusilə Suriya məsələsinə toxunan komitə, beynəlxalq koalisiyanın “İŞİD-lə mübarizə” missiyasının ikinci mərhələsinin Suriyada davam etdiyini açıqlayıb. Bildirilib ki, Suriyadakı terror ocaqlarının İraqın milli təhlükəsizliyinə təsir göstərməməsi üçün koalisiya ilə koordinasiya saxlanılacaq.

Eyni zamanda, beynəlxalq koalisiyanın İraqdakı rolu Suriyadakı əməliyyatlara logistik dəstəyin göstərilməsi ilə məhdudlaşacaq və bu dəstək əsasən Ərbil şəhərində yerləşən hava bazası vasitəsilə həyata keçiriləcək. Zərurət yarandığı halda isə İraq ordusu “Əyn əl-Əsəd” hava bazasından ABŞ-la birgə “İŞİD-lə mübarizə” əməliyyatları icra edəcək.

Ali Hərbi Komitə sonda İraqın hərbi gücünü regionda sabitliyin əsas təminatı kimi dəyərləndirib və ölkənin suverenliyinin qorunması, müstəqil qərarvermə prinsipinə hörmət edən bərabərhüquqlu təhlükəsizlik tərəfdaşlıqlarının qurulmasına sadiq qalacağını bəyan edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş