İranın Parçalanması Layihəsi və Qərbin Milli Şüur Müstəvisində Məğlubiyyəti

3 Dəq Oxuma Müddəti

Həssas dönəmlərdə xalqın geniş iştirakı İranın ictimai kapitalının canlı və təsirli olduğunu göstərir.

Son illərdə “İranın parçalanması” məsələsi artıq sadəcə bir ehtimal olmaqdan çıxaraq Qərbin xarici siyasətində izlənilə bilən əsas oxlardan birinə çevrilmişdir. ABŞ-da aqressiv neorealizm məktəbinin aparıcı nəzəriyyəçilərindən olan Con Mirşaymerin son açıqlamaları, İranın təkcə regional aktor olmadığını, eyni zamanda Qərbi Asiyada ABŞ və Sionist rejimin arzuladığı düzənə qarşı struktur xarakterli bir maneə təşkil etdiyini bir daha ortaya qoymuşdur.

Hərçənd Mirşaymer açıq şəkildə İranın parçalanmasına yönəlik konkret bir icra resepti təklif etməsə də, “İranı məğlub etməyin baha başa gəlməsi” və “klassik variantların yetərsizliyi” üzərində etdiyi vurğu, Qərbin strateji çevrələrində birbaşa təzyiq əvəzinə daxili sabitsizləşdirmə ssenarilərinin getdikcə institusionallaşdığını açıq şəkildə göstərir.

Bu çərçivədə İranın etnik və məzhəbi əsasda parçalanması mərhələli şəkildə ABŞ və Sionist rejimin xarici siyasətində bir “üst formul” halına gətirilmişdir. Bu formul milli bütövlüyün zəiflədilməsinə, kimlik boşluqlarının qızışdırılmasına və İranın mədəni müxtəlifliyinin siyasi münaqişə alətinə çevrilməsinə əsaslanır. İraq, Suriya və Liviyadan başlayaraq region ölkələrinin təcrübələri göstərir ki, parçalama layihələri mütləq şəkildə hərbi işğalla başlamır; əksinə, idraki müharibə, media təzyiqi və ictimai böhranların istehsalı yolu ilə irəlilədilir.

İranda son dövrlərdə baş verən iğtişaşlar və narahatlıqlar da bu ümumi strategiyadan kənar şəkildə təhlil edilə bilməz. İctimai fitnələrin istehsalı, tələblərin seçici formada önə çıxarılması və real problemlərin kimlik böhranlarına çevrilməsi Qərb düşüncə mərkəzlərinin ictimai etimadı aşındırmaq, millət–dövlət bağını zəiflətmək hədəfi ilə tam uyğunluq təşkil edir.

Bu prosesdə İranın zəiflədilməsindən fayda götürən əsas aktorlardan biri kimi Sionist rejimin rolu tam aydındır; burada mövcudluğunu regiondakı daxili qarşıdurmalar və güclü dövlətlərin süqutu üzərində inşa etmiş bir rejimdən söhbət gedir.

Qərb media qurumları və fars dilində yayımlanan inqilab əleyhdarı hərəkatlar da bu tənlikdə sadəcə müşahidəçi rolunu oynamır. Onlar “katalizator” funksiyasını yerinə yetirir; faktları təhrif edərək, ixtilafları dərinləşdirərək və İranın vəziyyəti ilə bağlı saxta narrativlər istehsal edərək sabitsizləşdirmə prosesini sürətləndirməyə çalışırlar. Bu media qurumları təkcə xəbər vasitəsi deyil, eyni zamanda cəmiyyətin zehni olaraq təhlükəli separatçı ssenariləri qəbul etməyə hazırlanmasını hədəfləyən idraki müharibə mexanizminin bir hissəsidir.

Buna qarşılıq olaraq, Qərbin bu strategiyasına sahədə önə çıxan antitez “İran millətinin kollektiv şüurudur”. Tarixi təcrübə, sivilizasiya yaddaşı və iranlıların parçalanmanın fəlakətli nəticələrinə dair dərin qavrayışı İran cəmiyyətinin bu uğursuz plana qarşı həssas və ayıq olmasını təmin etmişdir.

Xalqın kritik dönəclərdə geniş iştirakı, ərazi bütövlüyünə açıq dəstək verməsi və xaos mərkəzli layihələrlə aydın şəkildə məsafə saxlaması Qərbin hesablamalarının əksinə olaraq İranın ictimai kapitalının hələ də canlı və təsirli olduğunu göstərir.

Nəticə etibarilə, İranın parçalanması layihəsi sadəcə bir təhlükə deyil, İran millətinin siyasi yetkinliyini ölçən bir sınaqdır. Qərb ixtilaflara sərmayə qoyarkən, İran cəmiyyəti birliyə sərmayə yatırır. Bu kollektiv şüur qorunduğu və xalqın legitim tələblərinin geosiyasi oyunların alətinə çevrilməsinə yol verilmədiyi müddətcə, Vaşinqton və Təl-Əvivdəki düşüncə mərkəzlərində nə qədər təkrarlansa da, parçalama formulu reallıq müstəvisində nəticə verməyəcəkdir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş